İranın paytaxtı Tehranda güclü partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat verib.
Bildirilib ki, şəhər mərkəzi də daxil olmaqla, Tehranın ən azı beş rayonunda bir sıra partlayışlar olub.
“Al Hadath” kanalının məlumatında bildirilib ki, İslam Respublikasının Müdafiə Nazirliyinin yerləşdiyi rayona da hava hücumu edilib, İranın hava hücumundan müdafiə sistemləri Tehranın şimal, şərq və mərkəzi hissələrindəki hədəflərə qarşı fəaliyyətə başlayıb. Milli parkın yerləşdiyi Sorxe Hesar rayonunda ən azı beş partlayış, İran Müdafiə Nazirliyinin kompleksinin yerləşdiyi Nobonyad rayonunda isə bir güclü partlayış baş verib. Şəhərə hava hücumu nəticəsində dəyən ziyan, mümkün dağıntı və ya itki barədə hələlik məlumat verilməyib.
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti də Tehranda təyin olunan hədəflərə qarşı bir sıra genişmiqyaslı hücumlar həyata keçirildiyini açıqlayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

