İsrail ordusu Suriyanın 5 bölgəsində hərbi hədəflərə artilleriya və hava zərbələri endirib.
Atışlar aprelin 2-də axşam saatlarında bir neçə saat ərzində baş verib. Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində hərbçilər və mülki şəxslər xəsarət alıb. Suriya televiziyası Həmadakı hərbi aerodromun 15-dən çox dəfə vurulduğunu bildirib. “Bloomberg” yazır ki, o, “demək olar ki, tamamilə məhv edilib”.
Zərbələr Həma və Homsdakı hərbi bazalara da endirilib. Dəməşq bölgəsində “qalan hərbi infrastruktur obyektləri” bombalanıb, – İDF sözçüsü bildirib.
Qeyd edək ki, İsrail 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra müdafiə doktrinasını yeniləyib. Doktrinanın yeni variantı digər şeylərlə yanaşı, Suriya ərazisindən İsrailə qəfil hücumun qarşısını almağa çağırır. Suriya Xarici İşlər Nazirliyi İsrail ordusunun zərbələrini “əsassız eskalasiya” kimi qiymətləndirib.
//Samir Qurbanov, Editor.az