Səhər namazından sonra Məscidül-Əqsaya daxil olan və içəri daş atan gənc fələstinli qrupa İsrail polisi rezin üzlüklü güllələr və səs bombaları ilə müdaxilə edib.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasında, basqın zamanı yaralanan 12 nəfərə ilkin tibbi yardım göstərildiyi, 2-nin xəstəxanaya yerləşdirildiyi bildirilib. Bu insanların çoxunun belindən yuxarı yaralandığı bildirilən açıqlamada İsrail polisinin Fələstin Qızıl Aypara qruplarının Əqsaya girməsinə mane olduğu qeyd edilib. İsrail polisi Əqsa həyətində olanları zorla çıxarıb, Ramazan ayının son cümə namazı üçün çöldən gələn müsəlmanların üzünə məscidin qapılarını bağlayıb. Hadisə şahidləri bir nəfərin nəzarətə alındığını bildiriblər.
Sosial mediada paylaşılan görüntülərdə işğal altındakı İordan çayının qərb sahilindən Məscidül-Əqsanın yerləşdiyi İçərişəhərin ara küçələrində şüarlar səsləndirərək İsrail polisinə etiraz edən yüzlərlə fələstinli var.
Qeyd edək ki, Məscidül-Əqsa Ramazan ayının əvvəlindən İsrail polisinin basqınları və müdaxilələri ilə gündəmdədir.
//Gülnarə Abasova, Editor.az

