İsrail qüvvələrinin cümə namazından əvvəl Məscidül-Əqsaya gedən fələstinlilərə qarşı maneə törətməsi və güc tətbiq etməsini izləyən TRT Xəbər komandası İsrail polisinin hücumuna məruz qalıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar hər şeydən xəbərsiz olduqlarını və polislərin anidən gözyaşardıcı qazla hücuma keçdiklərini söyləyib.
Əllərində silahla İsrail təhlükəsizlik qüvvələri birbaşa kameraya, mətbuat mənsublarımıza doğru müdaxilə ediblər. Qaz balonları atılıb və ətrafı alov alıb.
Türkiyə mətbuatına edilən hücumdan sonra AK Partiya sözçüsü İsrail polisinə sərt reaksiya verib. Sosial media hesabından açıqlama verən Çelik bunları deyib:“Fələstində baş verənləri dünyaya çatdıran TRT News komandasına qarşı İsrail polisinin təcavüzünü şiddətlə qınayırıq. Fələstində baş verən insan faciəsini dünya ictimaiyyətinə çatdırmaq, çirkin dezinformasiyanı aradan qaldırmaq üçün mübarizə aparan TRT kollektivini və bütün mətbuat mənsublarımızı təbrik edirik”.
//Səbinə Hüseynli, Editor.az

