Şərqi Qüdsdə Məscidül-Əqsa ətrafında məhdudiyyətləri davam etdirən İsrail polisi əvvəlki həftələrdə olduğu kimi Əqsada cümə namazı qılmaq istəyən fələstinlilərin qarşısını alıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri Məscidül-Əqsanın yerləşdiyi Qüdsün küçələrini dəmir baryerlərlə bağlayaraq səhər saatlarından etibarən fələstinli gənclərin, hətta bəzən yaşlı fələstinlilərin də əl-Əqsaya daxil olmasına icazə verməyib.
Normalda cümə günləri 100-150 min nəfərin növbəyə düzüldüyü Məscidül-Əqsada oktyabrın 7-dən bu yana 7 həftədir qarşılaşılan vəziyyət təkrarlanıb və İsrailin maneə törətməsi səbəbindən orada yalnız 3500-ə yaxın müsəlman namaz qıla bilib.
İsrail qüvvələri bölgədə dəmir baryerlərlə qurulan keçid məntəqələrində şəxsiyyət yoxlaması apararaq çoxlu sayda fələstinlini geri göndərib. Həmçinin İsrail qüvvələri vaxtaşırı müdaxilə edərək Məscidül-Əqsaya daxil olmaq istəyən fələstinli gənclərə kobudluq edib.
Qeyd edək ki, cümə namazı üçün Əqsaya buraxılmayan fələstinlilər namazlarını Hərəmi-Şərif ətrafında qılıblar.
//Səbinə Hüseynli, Editor.az

