İsrail Rusiya-Ukrayna müharibəsinə qoşulur?-ŞƏRHbackend

İsrail Rusiya-Ukrayna müharibəsinə qoşulur?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” İran və İsrail arasındakı gərginlik artıq 44 ilə yaxındır ki, var. 1979-cu ildə İranda islam rejimi hakimiyyətə gəldikdən sonra İran rəhbərləri, dini xadimləri daima öz çıxışlarında İsrailə qarşı antisemit fikirlər səsləndirmiş, hətta onun yer üzündən silinməsinin vacib olduğunu belə bildirmişlər. Bu münasibətin fonunda İsrail regionda düşmən kimi İranı nəzərdə tutub”.

Bu fikirləri Eeditor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, tərəflər arasında vaxtaşırı daha da kəskinləşən münasibətlər yaşanıb:

” 2013-cü ildə Qərblə İran arasında nüvə danışıqları həyata keçirilərkən 2015-ci ildə “G5+1” nüvə sazişi imzalandı. Bu müddət ərzində İsrail və İran arasında tam normallaşma olmasa da gərginlik aşağı səviyyədə idi. Lakin Tramp hakimiyyətindən sonra Qərblə rəsmi Tehran arasında münasibətlər daha da kəskinləşdi. Son bir neçə aydır İran-İsrail münasibətlərində eskalasiyanın şahidi oluruq. Bunun da bir neçə səbəbi var. Birincisi, rəsmi Tehranın regionda qeyri-konstruktiv siyasəti, terroru və radikalizmi dəstəkləməsidir. İkincisi, Rusiya-Ukrayna müharibəsi fonunda İranın daha da fəallaşması, xüsusilə də Rusiyaya “Şahid” dronlarını göndərməsi, nüvə proqramını daha da aktivləşdirməsidir. Verilən məlumata görə, rəsmi Tehran artıq malik olduğu nüvəni 84%-ə qədər zənginləşdirib ki, bu da ona nüvə silahı əldə etmək imkanı verir. İranın nüvə silahının bir addımlığında olması İsraili narahat edən məqamlardandır. Bir dövlət ki, digərini yer üzündən silmək istəyir və nüvə silahına çıxışı var, bu o deməkdir ki, bu amil İsrailin milli təhlükəsizliyinə böyük təhdiddir. O da hər vəchlə bunu aradan qaldırmağa çalışır”.

Politoloqun fikrincə, İsrail bir neçə strategiyanı reallaşdırmaq üzrədir:

“Birincisi, Cənubi Qafqaz və Mərkəzi Asiyada, o cümlədən Türkiyə ilə münasibətlərdə irəli addımlar atır. Cənubi Qafqazdakı fəllığı Azərbaycan-İsrail münasibətlərində özünü göstərir. Mərkəzi Asiyada xüsusilə Türkmənistan və digər ölkələrlə münasibətlərinin normallaşmasının şahidi oluruq. Burada isə əsas hədəf İrandır. Eyni zamanda, çalışır ki, beynəlxalq ictimaiyyətin əsasən də ABŞ-ın Tehrana qarşı olan mövqeyinin sərtləşməsinə nail olsun. Lakin bu bir qədər çətin məsələdir. Çünki ABŞ-ın əsas diqqəti hazırda Ukraynadadır və Rusiyanın məğlubiyyətinə fokslanıb. İsrail isə İranın da bir təhdid olduğunu Amerikanın nəzərinə çatdırmağa cəhd edir”.

Sultan Zahidovun sözlərinə görə, bu yaxınlarda İsrail xarici işlər naziri almaniyalı həmkarı ilə görüşündə bildirmişdi ki, İranla münasibətlərdə yalnız iki instrumentdən istifadə edilə bilər:

“Biri sanksiyaların daha da sərtləşdirilməsi, digəri isə hərbi müdaxilə. Əgər ciddi insident baş verməsə, İsrailin təkbaşına Tehranla mübarizə aparmaq riskini gözə alacağını düşünmürəm. Hazırda İsrailin İrana müharibə elan etməsi daha çox rəsmi Tehranın işinə yarayar. Çünki orada qeyri-sabitlik mövcuddur və müharibə baş verərsə, bu problem həllini tapar”.

Politoloq son olaraq açıqlamasında İranın Rusiyadan “Su-35” qırıcıları alması xəbərinə də münasibət bildirib:

“İki tərəf arasında “kölgə” müharibəsi davam edəcək. Son vaxtlar İsrailin İranda bəzi obyektləri dronla hədəfə aldığının şahidi oluruq. Bu kimi kiçik ölçülü hərbi əməliyyatlar tərəflər arasında “kölgə” müharibəsi adını alıb. Rusiyanın İsrailə “Su-35” silahları satması fikri də yayılıb. Çünki İran Ukrayna müharibəsində Rusiyaya kifayət qədər hərbi dəstək göstərib. Amma bugünə qədər Rusiya-Ukrayna müharibəsində İsrail heç bir tərəfə dəstək verməyib. Rusiyanın Su-35-ləri İrana satması vəziyyəti dəyişə bilər. Yəni İsrailin Ukraynanı dəstəkləməsi istisna deyil “.

//Safura Bənnayeva, Editor.az