İsrail bu ay ikinci dəfə Suriyanın Aralıq dənizindəki Latakiya limanına hava hücumu həyata keçirib.
Editor.az Suriyanın dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata əsasən bildirir ki, səhər saat 3 radələrində İsrail təyyarələri Aralıq dənizi üzərindən keçərək limandakı konteynerləri vurub.
SANA hücumun “ciddi maddi ziyana” səbəb olduğunu bildirib. Canlı yayımda limanda yanğın olduğu görülüb. Suriya hökuməti növbəti saatlarda yanğının nəzarət altına alındığını bildirib. SANA raketlərin xəstəxanaya və bəzi mənzillərə də ziyan vurduğunu bildirib. Suriyanın hava hücumundan müdafiə sistemlərini tətbiq etdiyi bildirilən hücumla bağlı heç bir can itkisi qeydə alınmayıb.
Qeyd edək ki, İsrail birinci dəfə dekabrın 7-də limanı hədəfə almışdı.
//Gülnarə Abasova, Editor.az

