İsrail tarixində bir İLK: Baş nazir nə etmək istəyir?- “Təhlükəli planlar cızılıb…”backend

İsrail tarixində bir İLK: Baş nazir nə etmək istəyir?- “Təhlükəli planlar cızılıb…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin Baş naziri Benyamin Netanyahu özü və ölkəsi üçün çox təhlükəli plan cızıb. Bu planın gedişatı onu göstərir ki, Netanyahu “qalib”dən daha çox “məğlub” statusuna yaxınlaşır. Çünki 6-7 cəbhədə birlikdə müharibə aparmaq ölkəni kövrək duruma salıb. Doğrudur, İsrail təbliğatı və dünyada ona dəstək olan media şəbəkələri yazırlar ki, Netanyahu çox uğurlu şəkildə hərbi kampaniya aparır. Ancaq bu, belə deyil. İsrail bir il ərzində HƏMAS məsələsini belə həll edə bilmədi. İndi İsrail qoşunları Livanın cənubunda “Hizbullah”a qarşı müharibə aparırlar və elə də böyük irəliləyişlər yoxdur. Əksinə çox böyük itkilərə məruz qalıblar və heç bir böyük şəhəri ələ keçirə bilməyiblər. “Hizbullah” dəstələri son dərəcə ciddi şəkildə müqavimət göstərir və bəzi hallarda hücuma keçirlər. Sadəcə İsraildə hərbi informasiyaya çox sərt senzura qoyulub və strateji əhəmiyyətə malik məlumatlar açıqlanmır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Yaxın Şərqdə baş verən son hadisələri şərh edərkən politoloq Tofiq Abbasov deyib.

Politoloq İsrailin Baş naziri Benyamin Netanyahunun İranı yox etməklə bağlı planlarını da şərh edib:

” Bu,xülyadan başqa birşey deyil. Birincisi, İranın potensialı müqayisə olunmayacaq dərəcədə İsrailin imkanlarını üstələyir. İranın strateji resurs bazası genişdir. Artıq İsrail ordusunun davam etməyə də nəfəsi çatmır. Amerikadan silah-sursat tələb edirlər, digər tərəfdən isə artıq ordunun yorğunluq sindromu özünü biruzə verir. Təsadüfi deyil ki, ölkənin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant arasında çox ciddi fikir ayrılıqları hökm sürür. Hətta Qallantın istefaya göndərilməsi məsələsi də gündəmdədir. Bu cür daxili qarşıdurma isə həm də ölkədə parçalanmaya gətirib çıxara bilər. Odur ki, İsrailin İranı yox etməsi ilə bağlı fikirlər inandırıcı deyil. Bu plan işlək deyil, sadəcə populizmə oynuyur”.

T. Abbasovun sözlərinə görə, İsrail cəmiyyəti parçalanır və ölkədə aramsız mitinqlər davam edir:

“Ötən ilin oktyabrından girov məsələsi gündəmdə olsa da, Netanyahunun onları azad etmək niyyəti yoxdur. Bu artıq hamıya məlumdur. Ona görə də cəmiyyət onu qınayır. İsrailin niyyəti sona qədər müharibəni aparmaqdır ki, baş nazir Benyamin Netanyahu öz siyasi ömrünü uzatsın. Bu isə çox təhlükəli oyundur və ölkənin müqəddəratını şübhə altına qoyur. Əgər İran İsraili yox etmək istəsə, bu, alına bilər. İranda artıq elə bir siyahı var ki, İsrailin bütün strateji obyektlərinə zərbələr endirilsin. İran bunu edə bilər, çünki çox böyük raket potensialına malikdir.

İsrailin daxilində isə belə bir fikir formalaşıb ki, Netanyahu ya qaçacaq, ya da ona sui-qəsd təşkil olunacaq. Hesab edirəm ki, baş nazir misli görülməyən bir riskə gedib. O şəxsi maraqlarını cəmiyyət maraqlarından üstün tutaraq ölkənin üzərinə qara buludları gətirib çıxarır. Bu isə İsrail tarixində hələ də görülməmiş bir hadisədir”.

//Gülnarə Abasova, Editor.az