“Livan-İsrail qarşıdurması on illərdir ki, davam edir. İsrail tərəfindən Qolan təpələrinin 1967-ci ildə ələ keçirilməsindən sonra bu qarşıdurma açıq müharibə şəraitinə keçib. 1981-ci ildə isə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. O zaman da indiki kimi gərginliklər tez-tez baş versə də, bu dəfə gərginliyin həlledici olma ehtimalı böyükdür. İsrail bu məsələni ciddi şəkildə həll etmək istəyir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Yaxın Şərqdə İranın proksi qruplarının artıq təsir gücünü qırmaq məsələsi ciddi şəkildə ortaya qoyulub:
“Hətta İranın özünün münaqişəyə cəlb edilərək müharibəyə qoşulması üçün cəhdlər edilir. İran bunu başa düşdüyü üçün hələlik özünü heç nə olmamış kimi aparır. Görünən odur ki, İran artıq məsələnin ciddiliyini anladığı üçün öz təhlükəsizliyini təmin etmək məqsədilə proksi qruplarından əl çəkib. Onların taleyi ilə maraqlanmadığı görüntüsü yaradır. Böyük ehtimalla İran Hizbullaha silah ötürür.
Yaxın Şərqdə yeni dövrdə münaqişə ocaqlarının söndürülməsi istiqamətində addımların atılacağı qənaətindəyəm. Mövcud problemlər problem yaradan qüvvələrin yox edilməsi, ya da məcbur bu yoldan imtina etməsi hesabına həll ediləcəyini göstərir. Hesab edirəm ki, İsrail və ABŞ qarşısına bunu məqsəd qoyub. Buna mane olanların aqibəti yaxşı olmayacaq”.
//Gülnarə Abasova, Editor.az