İsrailin müdafiə naziri İsrael Kats ölkə hakimiyyətinin İranın Mərkəzi Bankını (MB) rəsmi olaraq terror təşkilatı elan etdiyini açıqlayıb.
Açıqlamaya əsasən, Kats bu fərmanı “Mossad” və Müdafiə Nazirliyi yanında Terrorun maliyyələşdirilməsi ilə mübarizə üzrə milli idarənin tələbi ilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
Siyahıya MB ilə yanaşı, daha iki İran bankı, İran Silahlı Qüvvələrinə bağlı şirkət və üç yüksək vəzifəli İran rəsmisi də daxildir.
Bu qurumların İrandan “Hizbullah”, Yəməndəki husi üsyançıları və İraqdakı şiə milisləri də daxil olmaqla, regional satellitlərinə vəsait köçürmək üçün istifadə edilən maliyyə şəbəkəsində əsas rol oynadığı iddia edilir.
“Terrorizmə cəlb olunan heç bir dövlət strukturunun immuniteti yoxdur. İranın şər oxu harada olursa olsun, biz ona zərbə endirəcəyik”, – deyə Kats bildirib.