İsrailli jurnalist: “Niyə Ermənistan hakimiyyəti öz ölkələrində neonasistlərin fəaliyyətini dayandırmır?”backend

İsrailli jurnalist: “Niyə Ermənistan hakimiyyəti öz ölkələrində neonasistlərin fəaliyyətini dayandırmır?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvanda neonasist yürüşünü təşkil edən, internetdə antisemit karikaturalar və mətnlər yayan erməni milliyyətçisi Ayk Nazaryan sakit və sərbəst şəkildə İrəvanda yaşamağa davam edir”.

Bu sözləri İsrailin rusdilli “Detaly” nəşrinin jurnalisti Emil Şleymoviç “Niyə Ermənistan hakimiyyəti öz ölkələrində neonasistlərin fəaliyyətini dayandırmır?” başlıqlı məqaləsində yazıb.

“Detaly” nəşrinin mənbələrinin iddia etdiyi və Nazaryanın özünün bloqunun təsdiqlədiyi kimi, nə onun özü, nə də “Hosank” radikal milliyyətçi hərəkatından olan yoldaşları saxlanılıblar, onlara qarşı hər hansı aşkar istintaq prosesləri də aparılmır.

Daha əvvəl, martın 9-da Nazaryan İrəvanın mərkəzindəki yeraltı keçiddən video yayımlayıb. Bütün bunlar nasistlərin guya Ermənistan ərazisini tərk etmələri, hüquq-mühafizə orqanlarının isə onların fəaliyyətini araşdırdığı barədə məlumatları təkzib edə bilər. Nazaryanın sözlərinə görə, o, heç bir dəfə də olsun, saxlanılmayıb”, – deyə yazıda qeyd edilib.

“2024-cü il yanvarın 13-də “Hraparak” qəzetinə müsahibəsində Nazaryan özü danışıb ki, üzərində stilizə edilmiş və görünüşü dəyişdirilmiş Hitler svastikası olan bayraq altında keçirdikləri neonasist mitinqində iştirakçılar nasist salamı veriblər və əllərini o şəkildə qaldırıblar. Polislər isə ona yalnız icazə alınmasının zəruriliyi ilə bağlı xəbərdarlıq ediblər. “Ertəsi gün isə öyrəndim ki, bu qəbildən atributlarla çıxış etmək olmaz və indi biz bayrağın rənglərinin dəyişdirilməsi üzərində işləyirik…” Daha sonra, yanvarın 19-da o, öz “Facebook” səhifəsində yazıb: “Bu kiçik xarici dəyişikliklərə baxmayaraq, bizim radikal ermənipərəst ideyalarımız, iradəmiz və yanaşmalarımız, təbii ki, əvvəlki kimi eyni qalacaq”. Nazaryanın əvvəllər bildirdiyinə görə, ona xəbərdarlıq edilib və deyilib ki, bu, Ermənistan üçün problem yarada bilər və belə davranmaq olmaz.

Ermənilər Azərbaycan tərəfindən onların ölkələrinə qarşı “hibrid müharibəsi”nin aparıldığını və antisemitizm aksiyalarının (o cümlədən İrəvanda sinaqoqun yandırılması cəhdi) erməniləri gözdən salmaq üçün xarici qüvvələr tərəfindən təşkil oluna biləcəyini iddia etməyə üstünlük verirlər.

Amma hətta hesab etsək ki, Ayk Nazaryan öz aksiyalarını İrəvanın silahlı münaqişə vəziyyətində olduğu dövlətin maraqları naminə həyata keçirir, bu, xüsusilə, onun neonasist və antisemitizm fəaliyyətinin – yürüşün, bəyanatları, karikaturaların nə polis, nə prokurorluq, nə də Ermənistanın ali hakimiyyət orqanları tərəfindən bloklanmadığına dair səbəbləri açıqlamağa kifayət etmir. Xüsusilə xatırlasaq ki, hadisələrin bu cür inkişafından açıq şəkildə məmnunluq duya biləcək yeganə dövlət İrəvanla qonşu olan və kifayət qədər dostcanlı İrandır”, – deyə İsrail nəşrinin məqaləsində bildirilib.

Oxu.az