İşsizliklə necə mübarizə aparaq?- Nazirliyinin bərbad sosial siyasəti: “Statistik rəqəmlər manipulyasiya edilir”backend

İşsizliklə necə mübarizə aparaq?- Nazirliyinin bərbad sosial siyasəti: “Statistik rəqəmlər manipulyasiya edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə iş axtaranlar öz ixtisaslarına, peşələrinə uyğun iş tapmaqda çətinlik çəkməklə yanaşı, yaş həddi problemi ilə də üzləşirlər. İşə götürən şəxs 18 yaşlı gənci çox təcrübəsiz, 40-50 yaşlı təcrübəli şəxsi isə çox qoca hesab edir. Digər tərəfdən Azərbaycanda pensiya yaşını nəzərə alsaq, gənclərlə yanaşı orta təbəqənin də iş tapmaq məsələsində xeyli çətinliklər yaranır.

Rəsmi məlumat verilir ki, son bir ildə ölkədə 129 mindən çox iş yerləri açılıb. Amma rəsmi qurumlar ölkədə bağlanan iş yerlərinin sayı barədə vaxtaşırı məlumat vermirlər. Dövlət Statistika Komitəsi ölkədə 2020-ci ildə işsizliyin artdığını açıqlayıb. Pandemiyadan yaranan səbəbləri bir yana qoysaq, ölkəmizdə hər zaman insanların işsizlik problemi ilə üzləşdiyini görürük.

Maraqlıdır, bu problemlərin kökündə dayanan səbəblər və onun həlli yolları nələrdir?

Sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli Editor.az-a bildirib ki, Azərbaycanda universiteti yeni bitirmiş və ya müvafiq peşə təhsili alan şəxslər üçün çox qəliz işə düzəlmə imkanları var:

” Çünki ən azı 3-5 il iş təcrübəsi tələb olunur.  Heç kəs düşünmür ki, yeni universiteti bitirmiş gənc bu təcrübəni necə əldə etsin? Eyni zamanda, müvafiq yaş həddindən sonra işə götürün üçün  perspektivsiz olursan. Əslində bu, çox ciddi problemdir. Son rəsmi statistikaya görə ölkədə işsizlərin sayı 6.4 faizdir. Pandemiyaya qədər statistikada bu rəqəm 5-dən aşağı idi. Elə rayonlar var ki, orada məşğulluq idarələrinə görə işsiz olan şəxs yoxdur. Bu, gülüncdür. Bu onu sübut edir ki, bu məsələdə hesablanan rəqəmlər yanlışdır. Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxsə müavinət verilməlidir, işlə təmin etmək üçün müvafiq addımlar atılmalı, təkliflər verilməlidir”.

N. Bəydəmirli qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial siyasəti çox bərbad gündədir:

” Statistik rəqəmlər manipulyasiya edilir. Fikir versək, pandemiya dövrünə qədər rəsmi işsizlik səviyyəsi statistikada çox aşağı idi. Ancaq pandemiya zamanı dövlət tərəfindən işsizlərlə bağlı müəyyən addımlar atıldıqda müraciət edənlərin sayı 2 milyonu keçdi. Dolayısı yolla sübut olundu ki, ölkədə işsizlər ordusu var. Gənclər arasında işsizlik hətta 40 faizə çatır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə işsizlik faizi ortalama 8-11 arası olursa, bu, böyük nailliyyət hesab edilir. Qardaş Türkiyənin statistikasında əhali üzrə ümumi işsizlik 18 faiz, gənclər arasında isə 25-30 faiz arası təşkil edir. Ölkəmizdə isə bu problemlərin kökündə dayanan səbəblər sosial siyasətin işlək olmaması, məşğulluq idarələrinin çevik və düzgün işləməməsi, kölgə iqtisadiyyatının həcminin böyük olmasıdır. Bununla mübarizə inzibati yollarla aparıla bilməz. İş yerlərinin açılması təşviq olunmalıdır. İşsizliyə səbəb olan amillərin bir çoxu, obyektiv səbəblərdən yox, əsasən məmur sahibkarlığı və monopoliyadan qaynaqlanır. Müxtəlif sahibkarlara təzyiqlər olunur, onlarda investisiyalarını götürüb ölkəni tərk edirlər”.

İqtisadçı ekspertin sözlərinə görə, işsizlik probleminin azaldılması üçün iqtisadi fəaliyyəti stimullaşdırmaq, azad sahibkarlığa dəstək vermək lazımdır:

” İcazə və lisenziyaların alınmasını asanlaşdırılmalı, kredit resurslarının əlçatanlığı təmin edilməlidir. Sahibkar iş yeri açmaq istəyəndə banka kredit almaq  üçün müraciətində yüksək faizlər təklif olunur və buna görə rəqabətli iqtisadiyyat qurmaq mümkün deyil. Ölkədə ümumi sahibkarlığın durumu heç ürəkaçan deyil. Bu baxımdan da hesab edirəm ki, iqtisadi fəallığı artırılmaq, bazar iqtisadiyyatı tələbləri ilə rəqabət mühitini, hər bir kəsin hüquq və vəzifə bərabərliyini təmin etmək, məmurların bizneslə məşğul olmasını tam qadağa etmək, dövlət qulluğunda çalışanları biznesdən, himayədarlıqdan çəkindirməyə çalışmaq lazımdır. Bunun üçün də məmurların gəlir və əmlak deklorasiyaları tətbiq olunmalıdır ki, məmur həqiqətən işləsin. Məmur gedib öz dövlət işi hesabına biznes qurursa, bu effektiv biznes ola bilməz. O, biznesini digərlərinin hüququnu tapdalayaraq qurur, dövlət büdcəsini mənimsəyərək isə inkişaf etdirir. Ona görə də məmur sahibkarlığı ölkə üçün ciddi təhlükədir və bu, mütləq aradan qaldırılmalıdır”.

//Gülnarə Abasova, Editor.az