İstanbul Aydın Universitetinin (İAÜ) akademik heyəti Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrində görüşlər keçirilib, ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilib və müxtəlif sahələr üzrə ilkin razılaşmalar əldə olunub.
Heyətə Səhiyyə Elmləri Fakültəsinin dekanı Prof. Dr. Halit Tanju Besler, Siyasət Elmi və Beynəlxalq Münasibətlər Bölməsinin rəhbəri Doç. Dr. Cem Oğultürk, Rus Dili Tərcüməçilik Bölməsinin müdiri Dr. Jale Coşkun və İdarəetmə İnformasiya Sistemləri Bölməsinin rəhbəri Dr. Muhammed Talha Narcı daxil olub.
Səfər çərçivəsində İAÜ nümayəndələri universitetin Azərbaycandakı rəsmi nümayəndəliyini də ziyarət ediblər. Burada onlara nümayəndəliyin fəaliyyəti, təhsil imkanları və azərbaycanlı tələbələr üçün yaradılan şərait barədə məlumat verilib.
İAÜ heyəti Xəzər Universitetində akademik və inzibati heyətlə görüşlər keçirib. Səhiyyə elmləri və biokimya sahəsində, xüsusilə “Nutritional Biochemistry” üzrə magistratura və doktorantura proqramları ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
Bakı Ali Neft Məktəbində keçirilən görüşlərdə mühəndislik və MBA proqramları üzrə ortaq fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb. Daha sonra Bakı Dövlət Universitetində keçirilən görüşdə ikili diplom proqramları və elmi əməkdaşlıq sahəsində maraq ifadə olunub.
Xəzər Universitetinə həyata keçirilən ikinci səfər zamanı Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri və Siyasət Elmi və Fəlsəfə Bölməsinin nümayəndələri ilə akademik əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən görüşlərdə universitet rəhbərliyi ilə geniş fikir mübadiləsi aparılıb. UNEC-in müxtəlif regionlarda fəaliyyət göstərən filialları və kampusları barədə məlumat verilib. Görüş zamanı ikili diplom, magistratura və doktorantura proqramlarında konkret əməkdaşlıq addımları müzakirə olunub. Prosesin İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr departanmenti vasitəsilə koordinasiya ediləcəyi bildirilib.
Səfərin sonunda tələbə və akademik heyət mübadiləsi, ortaq elmi layihələrin icrası, ikili diplom proqramları və digər istiqamətlərdə əməkdaşlıq üzrə ilkin razılıqlar əldə olunub. İAÜ nümayəndələri göstərilən qonaqpərvərlikdən və aparılan məhsuldar görüşlərdən məmnun qaldıqlarını vurğulayıblar.
//Editor.az


