Xəbər verdiyimiz kimi, İstanbulda İsrail konsulluğunun yaxınlığında terror aktı törədilib.
Üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb. Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”. İstanbul valisi Davud Gül Konsulluğun təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmədiyini və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığını vurğulayıb.
Globalinfo.az xəbər verir ki, türkiyəli hərbi ekspert Abdullah Ağar cinayətdə iştirak edən şəxslər və dini istismar edən təşkilatla əlaqəni ideoloji-cinayətkar kombinasiya kimi şərh edib:
“Başqa sözlə, bu, gözlənilməzlik riskini artırmaq üçün hibridləşdirilmiş aktorlardır. Taktiki geyimlər, yarı-peşəkar silahlar, tamamilə peşəkar olmayan taktiki davranışlar qeyri-peşəkar, lakin idarə olunan bir hücrənin olmasından xəbər verir. Az xərclərlə yüksək və eyni zamanda qeyri-mütənasib təsir yaratmağa cəhd edilib. Dini və məzhəb kövrəkliyini dərinləşdirmək, sosial fay xətlərini təhrik etməyə, idarə olunan xaos yaratmağa cəhd göstərilib. Bu cür hərəkətlər cəmiyyəti bölmür, amma cəmiyyəti bölünəbilən hala gətirməyi hədəfləyir”.
Ekspertin fikrincə, bu sınaq hücumu zəncirin bir hissəsi və daha böyük cəhdlərin ilkin siqnalı ola bilər:
“Dərin bir müharibənin tam kənarındayıq. Raket hücumları daxil, Azərbaycana və bizə qarşı bir çox (birbaşa-asimmetrik) cəhdlər oldu. Hər kəsin Türkiyə və Azərbaycanla bağlı bir hesabı, cəhdi var. Əhəmiyyətli olan təkcə hücumlar deyil, həm də bu hücumlarla cəmiyyətə və qərar qəbul edənlərə necə təsir göstərməyə çalışmalarıdır”.

