” Paşinyan hökumət iclasındakı çıxışında bölgədə kommunikasiyaların açılması ilə fikirlərində qeyri-səmimidir. Lakin onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmaq imkanı yaradır”.
Bu sözləri Editor.az–a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, bildirib ki, 11 yanvar bəyanatına uyğun olaraq baş nazir müavinlərinin rəhbərliyi altında formalaşan işçi qrupu sözügedən məsələlərin həlli istiqamətində real addımların atılması ilə bağlı müzakirələr aparır:
” Əsas müzakirə mövzusu isə kommunikasiya xətlərinin açılmasıdır. Aparılan danışıqlar fonunda Ermənistanın əsas istəyi nəqliyyat və kommunikasiya xətlərinin dəhliz formasında fəaliyyət göstərməməsidir. Bölgədə bütün kommunikasiya xətlərinin açılması üçtərəfli birgə bəyanatda qeyd olunub. Bakı ilə Naxçıvan arasında maşurut xətləri formalaşırsa bunu dəhliz adlandırmaq mümkündür. Zəngəzur dəhlizinin açılması üçün 40km-lik ərazidə tikinti quruculuq işlərinin aparılmaması da prosesi ləngidir. Türkiyə, Rusiya, İran və Gürcüstan regional əməkdaşlığa müsbət yanaşsa da, Ermənistanın öz ərazisindən keçən dəhlizə skeptik yanaşır. Lakin istənilən halda Zəngəzur dəhlizi istifadəyə veriləcək və bu dəhliz gələcəkdə bölgənin iqtisadi xəritəsini dəyişəcək. Ermənistan tərəfi baş verənləri qavrasa da, prosesləri ləngidir. Nikol Paşinyanın dəfələrlə bu istiqamətdə müsbət bəyanatlar verməsinə baxmayaraq, Ermənistan tərəfindən heç bir praktiki addım atılmır. Ona görə də Nikol Paşinyan dediklərində sadəcə çaşqınlıq yaratmaq istəyir”.
//Gülnarə Abasova, Editor.az

