“Ərazilərimizdə nə qədər qeyri-qanuni silahlı birləşmələr mövcuddursa, Azərbaycana qarşı təhdidlər də daimi olacaq. Ona görə də 10 noyabr 2022-ci il sazişinə uyğun olaraq əvvəlcə Qarabağda qalan erməni separatçıları çıxarılmalı, tərksilah olunmalıdırlar”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan və havadarları isə 10 noyabr bəyanatının 4-cü bəndini icra etmək istəmir: “ Çünki tək qüvvə həmin separatçılarıdır. Rus sülhməramlılarının istəyi olmasa, onlar hər hansı silaha belə əl ata bilməzlər. Sülhməramlıların əsas missiyası Ermənistan və Azərbaycan arasında sülhü bərqərar etmək, təxribatların qarşısını almaqdan ibarət olmalıdır. Əsasən Ruben Vardanyanı qıcıqlandıran məhz ərazilərdə olan qeyri-qanuni silahlı birləşmələrin təchizat məsələsidir. Məlumdur ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyalara görə daxildəki separatçılara silah daşınmasının qarşısı alınıb. Əsgər də nə qədər ac, nə qədər silahsız qala bilər? Bu birmənalı şəkildə onlara təsir edir. Vitali Balasanyanın istefa verməsi, Ruben Vardanyanla üst-üstə düşməyən mövqelərinin açıqlanması əsas məqamlardandır”.
Deputat qeyd edir ki, R.Vardanyan nə qədər erməniləri “mübarizəyə” səsləsə də hər hansı mübarizədən söhbət gedə bilməz:
“ Azərbaycan çox diqqətlə prosesləri izləyir və hər cür texnika, imkanı var ki, onların istənilən təhdidinin qarşısını ala bilsin. Hərbi hissələrimiz, hava limanları bütün vasitələr ən yüksək səviyyədədir. Müxtəlif istiqamətlərdə təlimlərimiz keçirilir. İstər Fransa, istərsə də bir sıra dövlətlər bu prosesdə iqtisadi, siyasi və hərbi baxımdan böyük itkilər verdikləri üçün çalışırlar ki, status-kvonu saxlasınlar.
Bu gün Qarabağ ərazisindən təbii sərvətlərin daşınması, istismarına son qoyulub. Terrorçular əraziyə daxil ola bilmir. Bunlar da məğlubiyyətə aparan amillərdir. Ermənistan Azərbaycana qarşı hər hansı müharibəni apara bilməz. Bu gün onların nə texnikası, nə də hərbi gücü buna imkan verir. Geosiyasi vəziyyət elə yaranıb ki, guya onlar “humanitar fəlakətin” qarşısını almaq üçün addımlar atır. Regionda hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinədir. Bunu sülhməramlılar da başa düşür. BMT-nin 5 üzvünün (Fransanı çıxmaq şərti ilə) qətnamənin əleyhinə olması da bunu göstərdi. Biz təkliflərimizi vermişik, onlar da qəbul edib yerinə yetirməlidir. Zaman ölkəmizin xeyrinə işləyir”.
//Safura Bənnayeva, Editor.az

