“İstər regionda, istərsə də dünyada təzadlı siyasət bizi gözləyir”- Millət vəkilindən AÇIQLAMAbackend

“İstər regionda, istərsə də dünyada təzadlı siyasət bizi gözləyir”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görünən odur ki, Rusiyanın Ukrayna savaşında vəziyyəti ağırlaşdıqca Kremlin postsovet ölkələrinə qarşı nəbz yoxlama siyasəti daha da intensivləşə bilər. Zənnimcə, istər regionda, istərsə də dünyada təzadlı siyasət bizi gözləyir. Hər an gözlənilməz hadisələrin şahidi ola bilərik. Hazırda Rusiya Ukraynadakı müharibə səbəbindən ciddi şəkildə ziyanla qarşılaşıb”.

Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, şimal qonşumuz Azərbaycanla Ermənistan arasında danışıq aparmaqda bir daha sübut edir ki, vasitəçilik rolunu heç bir dövlətə güzəştə getmək istəmir:

” Yəni müharibə aparsa da, regiondakı mövqeyini qətiyyən zəiflətmək istəmir. Xüsusilə, Rusiyanın Donbas vilayətində möhkəmlənib, təmizlik işləri aparması onu daha da cəsarətləndirdi. Müharibənin ilk günləri yaşanan uğursuzluqlar bir növ unuduldu və dünyaya bir daha nümayiş etdirir ki, Kreml əvvəlki gücündə və qüdrətindədir. Buna misal olaraq deyə bilərəm ki, Lavrovun Bakı səfəri də məhz bu siyasətin bir həlqəsi idi, yəni digər münaqişə ocaqları da diqqət mərkəzindədir. Lakin artıq Azərbaycan dövləti elə bir siyasi xətlə irəliləyir ki, həm Rusiya, həm də dünya ölkələri ilə qarşılıqlı maraqlara söykənən əlaqələrimiz var”.

M. Cəfərovun sözlərinə görə, Ermənistan artıq dalana dirənmiş vəziyyətdədir:” Baş nazir Nikol Paşinyanın qətiyyətsiz siyasəti onu həm Moskvadan, həm də qərbdən asılı vəziyyətə salıb. Ermənistandakı mənzərədən də, Paşinyanın ziddiyyətli çıxışlarından da məlum olur ki, nə Qərbə, nə Rusiyaya vahid siyasi xətlə yaxınlaşa bilmir.  Həmçinin, Azərbaycan və Türkiyə ilə də münasibətlərin tənzimlənməsində asılılıq göstərir. Ermənistan hakimiyyətinin bu qətiyyətsizliyi və iradəsizliyi sülh prosesini də uzadır. Qeyd etdiyimiz kimi hazırda dünyada cərəyan edən çox fərqli siyasi mənzərə var ki nəyinsə haqqında tam dolğun proqnoz vermək mümkün olmur. Lakin yenə də aydın olan bir məsələ var ki, indiki zamanda Rusiya öz gücünü göstərməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az