İsti havalarda qida rasionumuzda nələrə diqqət yetirməliyik?backend

İsti havalarda qida rasionumuzda nələrə diqqət yetirməliyik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yayda insan orqanizminin suya ehtiyacı artır. Bu səbəbdən biz isti havalarda orqanizmin suya olan tələbatını ödəyən qidalara üstünlük verməliyik. Hər bir insan orqanizmi mütləq şəkildə günlük orqanizmin maye balansını təmin edəcək qədər təmiz su içməlidir. Gün ərzində qəbul edilən meyvə-tərəvəzlərin tərkibindəki maye də gündəlik su ehtiyacını ödəyə bilir. Məlum olduğu kimi, meyvə-tərəvəzlərin 70-80 faizi mayedən ibarətdir. Buna da əsasən mövsümi meyvə tərəvəzlər daxildir”.

Bu fikirləri Editor.az-a açıqlamasında qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, gün ərzində orqanizm üçün standart su ehtiyacı hər kiloqram bədən çəkisinə görə 30 ml hesablanır:

” İnsanlar yayda bu miqdarı temperatur yüksəkliyinə, fiziki aktivliyə görə 1-2 fincan artıra bilər. Yayda sağlam içkilərə təmiz ilıq su, ev üsulu hazırlanmış ayran, bitki dəmləmələri aiddir. Bu havalarda insan orqanizmində maddələr mübadiləsi aşağı düşdüyünə görə qəbul etdiyi qidaları həzm edə bilmir və həzm olunmayan qidalar isə orqanizmə ağırlıq verir, müəyyən bir vaxtdan sonra vitamin mineral çatışmazlığına gətirib çıxarır və eyni zamanda, bağırsaqların hərəkətliliyi ləngiyir ki, bu da qəbzliyə, artıq çəkiyə və bədəndə şişkinliyə səbəb olur. Buna görə yayda tez həzm olunan yüngül qidalara üstünlük verilməsi tövsiyyə edilir. Yay aylarında temperatur yüksək olduğu və günlər uzandığından insanlar yuxu rejiminə də düzgün əməl etmirlər. Bu da iştaha təsir edən əsas amillərdən biridir. Yuxu rejiminin pozulmamasına xüsusi diqqət yetirmək lazımdır ki, gecə saat 11:00-dan sonra yatmaq tövsiyyə olunur. Əks halda hormonal balans və bunun fonunda qidalanma rejiminə də pozulur”.

M.Hüseynova bir insan orqanizminin sağlam və enerjili olması üçün vacib olan amillərə toxunub:

“Buna görə orqanizmə 40-dan 70-ə qədər makro və mikro elementlər lazımdır ki, bu da məhz qidalar vasitəsilə təmin edilir. Buna görə də qidalarda müxtəlif ceşidliliyə diqqət etməli, eyni zamanda, sağlam mənşəyi bəlli olan məhsullardan istifadə etməliyik. Makro elementlərə karbohidratlar, yağlar, zülallar daxildir. Karbohidrat enerjili olmağı, zülal, yağ isə əzələ itkisinə yol verməməyi təmin edir. Gün ərzində meyvə-tərəvəzlər, çərəzlər rasionumuzda yer almalıdır. Yayda istehsal edilən dondurma və bəzi süd məhsullarında yüksək miqdarda kalori və şəkər var. Dondurmaya yayda daha çox üstünlük verilir. Bunu hazır şəkildə almaq əvəzinə evdə sağlam yolla hazırlamaq daha məsləhətdir. Dondurmanı yeməkdən dərhal sonra deyil, gün ərzində qəbul edəcəyimiz kalori miqdarına uyğun olaraq yemək əvəzi qəbul etmək lazımdır. Ev şəraitində dondurma hazırlanan zaman təbii yağ, bal, qaymaq və mövsümi meyvələrdən istifadə etmək lazımdır. Ancaq şəkər miqdarını düzgün tənzimləmək lazımdır. Belə ki, qadınlar gün ərzində 20 qram, kişilər isə 35 qram şəkər qəbul edə bilər ki, bu da görmə qabiliyyətini yaxşılaşdırır, enerjini tənzimləyir, mərkəzi sinir sisteminin işini tənzimləyir”.

Qida mütəxəssisi idmannan əvvəl və sonra qəbul ediləcək qidalara da diqqət çəkib:

” Yaxşı olar ki, idmannan əvvəl və sonra dərhal qida qəbulu olmasın. İdmannan 1 saat əvvəl və ya sonra qida qəbulu tövsiyyə olunur. Bura daha çox zülal mənşəli və orqanizmə enerji verəcək faydalı karbohidrat tərkibli qidalar daxildir. Un məmulatları, nişasta tərkibli qidalardan uzaq durmaq lazımdır. Zülal tərkibli heyvan mənşəli qidalara üstünlük verməliyik. Buna isə ət, balıq, yumurta, toyuq məhsulları daxildir. Yağda qovrulmuş, qızardılmış yeməklər isə çətin həzm olunduğu üçün məsləhət deyil. Yay aylarında daha çox az kalorili, yüngül yeməklərə, mövsümi tərəvəzlər, meyvələrdən ibarət salatlara üstünlük verilməlidir”.

//Gülnarə Abasova, Editor.az