İstismara qəbul olunmamış 67 bina, paslı armatura tökülən beton: Yeni tikililərə etibar varmı? – FOTO/VİDEObackend

İstismara qəbul olunmamış 67 bina, paslı armatura tökülən beton: Yeni tikililərə etibar varmı? – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələ zamanı yeraltı təkanların episentri və yaxınlığındakı ərazilərdə 61 722 bina yaşayış üçün tamamilə yararsız hala düşüb. Bu barədə Türkiyə mətbuatında dərc edilən məlumatlarda qeyd edilir. Tikinti sektorunda yol verilən nöqsanlara görə isə tikinti podratçıları, bina sahibləri və mühəndislər daxil olmaqla 600-dən çox insana qarşı araşdırmalar aparılır.

Qardaş ölkədə yaşananlar çox ağır bir faciədir və zərərçəkənlər üçün təşkil edilən yardım kampaniyalarında Azərbaycan da başda olmaqla bir çox ölkələr dəstəklərini əsirgəmədilər. Eyni zamanda, baş verən hadisələrdən sonra tikinti sektorunda bir sıra monitorinqlərə başlanıldı. Tikinti zamanı qanunvericilik çərçivəsində prosedurların normativlərə uyğun aparılmasına diqqət bir az da artırıldı.

Azərbaycan seysmoloji cəhətdən yüksək riskli bölgə hesab olunmasa da, tarixdə bir neçə güclü zəlzələ ilə üz-üzə qalıb.

Mövzu ilə əlaqədar diqqətdə saxlamaq istədiyimiz nüans yeni tikilən binaların keyfiyyət normativlərinə cavab verib-verməməsidir.

Sosial şəbəkələrdə ölkə daxilində çəkildiyi iddia edilən videoda fəhlənin işləməyən drel ilə betona toxunaraq onu rahatlıqla ovduğu görünür. Bunun yaşayış binası, obyekt, hər hansı özəl mülk olduğu məlum olmasa da, betonun belə asanlıqla ovulması onun keyfiyyətinə böyük şübhə yaradır.

Bəs aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər zamanı hansı nöqsanlar aşkarlanıb? Ümumiyyətlə, inşa edilən binaların normativlərə uyğun olub-olmadığı necə yoxlanılır? Çünki yalnız sənədlərlə aparılan araşdırma və monitorinqlərin düzgün nəticə verəcəyinə inam çox azdır. Sənədlərin saxtalaşdırılması elə də çətin məsələ deyil – bu, cəmiyyətə bəllidir.

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Oxu.Az-ın sorğusunu cavablandırıb.

Sovet dövründə paytaxtda tikilmiş binaların hər hansı zəlzələ olarsa, dağılma təhlükəsinin olub-olmadığına dair sualı cavablandıran rəis müavini bildirib ki, Azərbaycanda, xüsusilə də Bakıda 30-40 il əvvəl və ya bir il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan mülkiyyətçilərin icazəsiz apardıqları müdaxilə və dəyişikliklərdir:

“Bu gün biz Bakıda və respublika ərazisində 1970-ci illərdə tikilmiş iribloklu, beton, panel binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırıq. Bu bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamızdır. Bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balanssaxlayıcı təşkilat binaların qorunmasına cavabdeh olmalıdır. Müdaxilə olmasa belə, binalarda hansısa qüsurlarla, çatlarla, dağıntılarla qarşılaşdıqları halda bizə müraciət etməlidirlər. Bizim institutlarımız tərəfindən müqavilə əsasında həmin binalarda müayinələr aparılıb, aktlaşdırılmalı və bunun əsasında qüsurların aradan qaldırılması üçün mülkiyyətçilər tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir”.

Azərbaycanda binaların tikintisində istifadə olunan materialların tərkibinin standartlara uyğunluğu və buna nəzarətin hansı şəkildə aparıldığına dair sualı cavablandıran Elxan Əsədov bildirib ki, tikinti materialları FHN-in Sadıq Dadaşov adına Elmi-Tədqiqat İnstitutu tərəfindən yoxlanılır:

“Tikinti meydançasına daxil olan hər betonqarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnika materiallarının və s. hamısının sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir”.

FHN-in aidiyyəti idarələri tərəfindən aparılan monitorinqlər zamanı aşkarlanan nöqsanlar barədə danışan rəis müavini qeyd edib ki, əsas qüsurlar yanğın zamanı tüstülənmənin qarşısı alınan pilləkən qəfəslərindən istifadə olunmamasıdır:

“Qüsurlardan daha biri isə liftin birinin qoyulub, ikisinin qoyulmaması və sairdir. Sadalanan bu nöqsanların aradan qaldırılması prinsipcə mümkündür. Lakin aradan qaldırılması mümkün olmayan problemlər olanda həmin binanın sökülməsi məsələsi ortaya çıxır”.

E.Əsədov bu gün Bakı şəhərində tikintisi başa çatan və yaşayış olmasına baxmayaraq, istismara qəbul aktı verilməmiş binalardan da danışıb:

“Əvvəllər həm Bakıda, həm də digər regionlarda belə binalar çox olub. Hətta sovet dövrünün son illərində tikintisi tam başa çatmamış və ya başa çatsa da, istismara qəbul edilməmiş binalar tikilib. Eləcə də, müstəqilliyimizin ilk illərində də qanunvericilik bazası təkmilləşdirilmədiyi üçün bu cür çoxsaylı tikintilər aparılıb. Həmin binalar, demək olar, nəzarətsiz şəkildə inşa edilirdi və təəssüf ki, istismara qəbul edilmədən yaşayış üçün verilirdi. Fövqəladə Hallar Nazirliyi yaranandan sonra bu işlərin qarşısı müəyyən qədər alınmağa başlandı. 2019-cu ildə istismara qəbul olunmamış, lakin məskunlaşdırmalar aparılmış binaların sadələşdirilmiş istismara qəbulu haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Ondan əvvəl də araşdırmalar aparılırdı və dəqiqləşdirilmə aparılan zaman 500-ə yaxın belə bina və kompleksin olduğu müəyyən olundu. Monitorinqlər zamanı bu tikililərin bəzilərinin heç icazə sənədlərinin olmadığı aşkarlandı. Onların əksəriyyətinin qüsurları aradan qaldırılmaqla istismara qəbulu təmin olundu. Amma elə komplekslər var idi ki, onlar yeddi-səkkiz, hətta on binadan ibarət idi. Bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb.

Bu da onunla əlaqədardır ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə məhkum olunublar. Beləliklə, qüsurları aradan qaldırmağa heç kim yoxdur. Bu binalardakı qüsurlar aradan qaldırılmadan istismara qəbulu haqqında qərar verilə bilməz və binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq”.

Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov Oxu.Az-ın tikinti materiallarının keyfiyyət dərəcəsi ilə bağlı suallarına cavab verərkən bildirib ki, ölkədə fəaliyyət göstərən sement zavodlarının istehsal etdiyi sement dünya standartlarına cavab verir:

“Tikinti materialı kimi sementin keyfiyyətində heç bir problem yoxdur. Amma tikinti materiallarından olan armaturların satışı barədə danışmaq istərdim. Bizim bazarlarda hamı deyir ki, satışda olan “A500” deyə tanınan armaturlardır. Bunların da hər santimetrinin (dartılmaya) 500 kq-a qədər dözümlü olduğu deyilir. Amma bunun aidiyyəti üzrə laboratoriyalarda yoxlanılıb-yoxlanılmadığını deyə bilmərəm. İri armatur istehsalçıları olan şirkətlər bu normativi yoxlayırlar, lakin xırda sexlərdə hazırlanan armaturların keyfiyyəti barədə dəqiq bir söz demək mümkün deyil. Armaturlar, həqiqətən, standarta uyğun olarsa, xüsusilə də “A350” markasından yuxarıdırsa, tam olaraq standartlara cavab verir deməkdir”.

Tikinti prosesində yol verilən nöqsanlar barədə danışan ekspert qeyd edib ki, betonu çox uzaqdan gətirirlər və onun nəmlik dərəcəsi pozulur:

“Çünki beton töküləndə elə tökülməlidir ki, 4-6 atmosfer təzyiqdə olan suya davam gətirə bilsin. Amma təəssüf ki, bizdə yağış yağanda 16 mərtəbəli binanın dam örtüyü yoxdursa, mənzillərə su keçir. Tikinti prosesində ilk iradım budur. Bu da betonun uzaq məsafədən gəldiyi üçün axıcılıq qabiliyyətinin qorunması məqsədilə suyunun normadan artıq vurulmasıdır (qurumaması üçün). Nəticədə isə məsaməli beton olur, bu da keyfiyyətini itirir. Yəni tikintidə bu cür yol verilən nöqsan betonun normativlərə cavab verməməsidir.

Bütün tikinti şirkətlərinə şamil edilmir, lakin bəziləri var ki, paslı armaturun üzərinə beton tökürlər. Bu, qətiyyən yolverilməzdir. Beton yalnız təmiz armatura tökülməlidir. Bundan başqa, beton töküldükdən sonra üzü hamar olmalıdır, çınqıllar görünməməlidir. Əgər görünürsə, bu o deməkdir ki, beton düzgün qaydada tökülmür və qəlibin içərisinə yayılmır. Bu sadaladığım üç nüans tikinti sektorunda təhlükəli, riskli məqamlar yaradan ən əsas amillərdir. Bunlara ciddi nəzarət edilməlidir”.