İsveç NATO ilə birlikdə Baltik adasını Rusiyadan müdafiə edəcəkbackend

İsveç NATO ilə birlikdə Baltik adasını Rusiyadan müdafiə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Ulf Kristersson bildirib ki, İsveç NATO tərəfdaşları ilə birlikdə Baltik dənizindəki Qotland adasını Rusiyaya qarşı müdafiə edəcək.

Editor.az bu barədə “Financial Times”a istinadla xəbər verir. Kristerssonun sözlərinə görə, Qotlandın müdafiəsini gücləndirmək NATO tərəfdaşları ilə danışıqların gündəmində əsas yer tutacaq. İsveçin baş naziri bəyan edib ki, onun ölkəsi hazırda adada yalnız “kiçik” hərbi varlığa malikdir.

O xatırladıb ki, digər Skandinaviya və Baltikyanı ölkələr tez-tez Qotlandı ittifaqın kritik zəif nöqtəsi kimi göstərirlər. Kristersson etiraf edib ki, resurslardan necə istifadə etmək və ən çox nəyə diqqət yetirmək barədə çoxlu suallar var.

Baş nazir bildirib ki, İsveç ordusunun Qotlanddakı mövcudluğu artırıla və sualtı qayıqlar yerləşdirilə bilər.

Qeyd edək ki, Gotland İsveçin ən böyük adasıdır. Rusiya Baltik Donanmasının qərargahının yerləşdiyi Kalininqraddan təxminən 330 km məsafədədir. Martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağı qaldırılıb, bundan sonra ölkə rəsmən alyansa üzv olub. Dövlət nümayəndələri bildiriblər ki, hazırda ölkə ərazisində NATO bazalarının və nüvə silahlarının yerləşdirilməsinə ehtiyac görmürlər.

//Gülnarə Abasova, Editor.az