İsveçrədə mövcud məhkəmə təcrübəsi artıq Rusiya Federasiyası ilə qarşılıqlı hüquqi yardıma icazə vermir.
Editor.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə xarici ölkənin Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi İnqrid Rayzer yazıb.
“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair işlərə baxmaq səlahiyyətinə malik olan İsveçrə Federal Cinayət Məhkəməsi müxtəlif yekun qərarlarında müəyyən edib ki, hazırda Rusiya Federasiyasına cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilə bilməz”.
Rayzer vurğulayıb ki, Bern və Moskva arasında qarşılıqlı hüquqi yardımın “qəbuledilməzliyi” ölkənin ali məhkəməsi tərəfindən dəfələrlə təsdiqlənib. Söhbət İsveçrə Federal Məhkəməsindən gedir. Nazirlik nümayəndəsinin sözlərinə görə, bununla bağlı İsveçrə Rusiya Federasiyasından hüquqi yardımla bağlı bütün yeni müraciətləri rədd edəcək. O, Rusiya tərəfinin müraciətlərinin “sonrakı xəbərdarlıq edilənə qədər” rədd ediləcəyini bildirib.
Oktyabrın 8-də Rusiya Federasiyasının Baş Prokurorluğu bəyan edib ki, bu il üç ölkə siyasi səbəblərə görə Rusiya tərəfi ilə hüquqi əməkdaşlıqdan imtina edib. Bu, İsveçrə, Kanada və Litvaya aiddir. Nazirliyin qeyd etdiyi kimi, bu günə qədər bu dövlətlər Moskvadan hüquqi yardımla bağlı 27 müraciəti rədd edib.
//Gülnarə Abasova, Editor.az

