“Ukraynalı diversantlar Xerson vilayətinin Poyma, Kazak düşərgələri və Krınki kəndlərini birləşdirən yolun bir hissəsini ələ keçiriblər”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri ehtiyatları Dnepr deltasındakı adalara köçürüb, Poyma və Pesçanovka kəndlərinə keçməyə çalışır. Ukrayna qüvvələri iddiaya görə, kiçik şəxsi heyət qruplarını müxtəlif məntəqələrdə qayıqlarla Dneprdən keçirməyə davam edir.
Eyni zamanda, Rusiyanın Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Dnepr çayının şərq sahilində mövqeləri ələ keçirməyə cəhd etdiyini, lakin bunun “uğursuz” olduğunu iddia edib.
Bundan əlavə, son 24 saat ərzində Ukrayna qoşunları Ukraynanın şərqində və cənubunda əks-hücum əməliyyatlarını davam etdirib, Baxmutdan cənuba və Zaporojye vilayətinin qərbinə doğru irəliləyib.
Oktyabrın 24-də dərc edilən məlumatlar ukraynalı müdafiəçilərin Rabotindən bir qədər qərbə doğru irəlilədiyini göstərir. Onu da qeyd edək ki, Baş Qərargah Ukrayna Silahlı Qüvvələrinin Baxmutdan cənuba doğru irəlilədiyini və Rabotin yaxınlığında qismən uğur qazandığını təsdiqləyib.
Məsələ ilə bağlı açıqlama verən analitiklər isə hesab edir ki, ruslar Xerson vilayətinin sol sahilində çətin vəziyyətə düşüb və tələsik öz qoşunlarını gücləndirməyə başlayıblar.
//Safura Bənnayeva, Editor.az

