Palermo prokurorluğu İtaliyanın hazırkı baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvininin adam oğurluğu və öz vəzifələrini yerinə yetirməmək ittihamı ilə 6 il müddətinə həbs edilməsini tələb edib.
İttihamlar Salvininin İtaliya Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi və 19 gün ərzində Aralıq dənizində xilas edilmiş 150-yə yaxın qeyri-qanuni miqrantın gəmidən enməsinə icazə vermədiyi 2019-cu ildə baş vermiş hadisələrlə bağlıdır.
Editor.az bildirir ki, bu barədə “Financial Times” yazıb. İtaliyanın keçmiş daxili işlər nazirinin məhkəməsi oktyabrın 18-də başlayacaq. 2018-2019-cu illərdə Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə cənab Salvini miqrasiya məsələsində sərt mövqe nümayiş etdirib. O, Aralıq dənizində qeyri-qanuni immiqrantları xilas edən xeyriyyə təşkilatlarının gəmilərinin İtaliya limanlarına buraxılmadığı “qapalı limanlar” siyasətini tətbiq eibi. Qarşıdan gələn məhkəmə ilə bağlı ortaya çıxan xəbərləri şərh edən Salvini bildirib ki, əgər o, yenidən eyni vəziyyətə düşsə, eyni şeyi edəcək. Onu İtaliyanın baş naziri Giorgia Meloni və bir sıra digər nazirlər dəstəkləyib. Elon Mask da öz səhifəsində bu məsələ ilə bağlı fikirlərini bildirib: “Bu dəli prokurora 6 il həbs verilməlidir”. İtaliya qanunlarına görə, prokurorluğun göstərdiyi ittihamlar təkcə həbslə deyil, həm də dövlət vəzifəsində işləmək qadağası ilə nəticələnə bilər.
//Samir Qurbanov, Editor.az