İtalyan Qustavo Nocella (Hermes) Kolumbiyanın şimal-qərbindəki Medellin şəhərində saxlanılıb.
Polis onu italyan mafiyasının “xaç atası” və dünyanın ən çox axtarılan narkotik tacirlərindən biri adlandırır. 58 yaşlı Hermesi bilyard sevgisi sayəsində saxlamaq mümkün olub. Kolumbiya polisi italyan həmkarları, Europol və Böyük Britaniya ilə əməkdaşlıq edərək narkobaronun tutulması əməliyyatını həyata keçirib.
Cənubi Amerika ölkəsinin polis rəisi Uilyam Rene Salamanka X sosial şəbəkəsində cinayətkara bilyard stolunun verildiyini bildirib. Yerli “Semana” nəşrinin yazdığına görə, Hermes hər üç aydan bir mənzil dəyişsə də, hər biri üçün bilyard stolu sifariş edib.
Kolumbiya polisinin qeyd etdiyi kimi, Hermes “Rinaldi-Formikola, Amato-Paqano və De Micco klanları ilə Cənubi Amerika mafiyası arasında əlaqədir”. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu iddia edilir. Əməliyyata hazırlıq altı ay ərzində aparılıb.
//Samir Qurbanov, Editor.az

