İtaliyanın xarici işlər naziri Antonio Tajani Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair qarşıdan gələn konfransda Rusiya və Çinin iştirakını dəstəkləyib.
Nazir qeyd edib ki, “biz Rusiya ilə müharibə aparmırıq” və “Ukraynanın müstəqillik hüququnu qorumaq başqa məsələdir. Mən hesab edirəm ki, Rusiya bu konfransa Ukraynanın təslim olması və məğlubiyyəti mənasını verən qərarla gəlməməlidir, çünki əks halda bu, sülh sazişi ola bilməz”, – deyə Tajani mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ukrayna üzrə ilk sülh sammiti iyunun 15-16-da İsveçrədə keçirilib, Rusiya buna dəvət olunmayıb. “Bloomberg”in məlumatına görə, Ukrayna hakimiyyəti noyabrın əvvəlinə qədər ikinci sammiti keçirmək niyyətindədir. Oraya Rusiya Federasiyasının nümayəndəsini dəvət edə biləcəyi bildirilir. Almaniya kansleri Olaf Şolz da Rusiyanın iştirakı ilə Ukrayna ilə bağlı konfransın keçirilməsinin tərəfdarı olduğunu deyib.
//Samir Qurbanov, Editor.az