İtaliyalı zəlzələ mütəxəssisi: “Anadolu plitəsindəki sürüşmə arta bilər” – FOTObackend

İtaliyalı zəlzələ mütəxəssisi: “Anadolu plitəsindəki sürüşmə arta bilər” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra ilkin təxminlərə görə, Anadolu plitəsi 3 metr məsafədə sürüşərək yer dəyişib, lakin bu rəqəm arta bilər. Peyk şəkillərini əldə etdiyimiz zaman bununla bağlı daha dəqiq məlumatlara sahib olacağıq”.

Bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti, professor Karlo Dayloni bildirib.

INGV-nin Romadakı qərargahında bununla bağlı qiymətləndirmələr aparan Dayloni bildirib ki, Kahramanmaraşda iki böyük zəlzələ Anadolu plitəsinin Ərəb plitəsi ilə kəsişdiyi bölgədə baş verib.

“Anadolu plitəsi həm Yer qabığına, həm də Avrasiya plitəsinə və Ərəb plitəsinə nisbətən cənub-qərb istiqamətində hərəkət edir. Əslində hər gün irəliləyir. Bir neçə mikron məsafədə irəliləyir, lakin ilin sonuna qədər irəliləmə bir neçə santimetrə çata bilər”, – deyə o qeyd edib.

Dayloni zəlzələlərin baş verdiyi nöqtəyə işarət edərək vurğulayıb ki, burada bir enerji yığılması mövcuddur.

“Buna görə də bu nöqtədə on illərlə davam edən bir enerji yığılması var. Bu nöqtə bu enerjini daha çox saxlayacaq vəziyyətdə deyil. Və həmçinin Anadolu plitəsi cənub-qərb istiqamətində hərəkət edərkən bu tərəf tıxandığı üçün buradakı enerji də bir nöqtədə özünü büruzə verir”, – deyə o əlavə edib.

Bu zəlzələlərdən sonra Anadolu plitəsinin 3 metr sürüşdüyünü xatırladan Karlo Dayloni bunun ilkin təxminlər olduğunu və rəqəmin arta biləcəyini diqqətə çatdırıb.

“Peyk məlumatlarını əldə etdikdən daha aydın göstəricilərə sahib olacağıq. Bizim hesablamalarımıza və Amerika Geoloji Xidmətinin ilkin hesablamalarına görə, bu seqment boyunca sürüşmə 3 metr uzunluğunda idi, lakin daha sonra bu qırılma yayıldı, beləliklə də sistemin hərəkəti davam etdi. Bu qırılma ilə ikinci arasında metr hesabı da mütləq artacaq”, – deyə professor qeyd edib.