İvanovka kəndinin sakinləri etiraz edir, icra başçısı isə SUSURbackend

İvanovka kəndinin sakinləri etiraz edir, icra başçısı isə SUSUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunun İvanovka kənd sakinləri ilə İsmayıllı Rayon İcra Hakimiyyəti arasında gərginlik davam edir.

Kənd sakinləri özlərinin seçdikləri şəxsin kolxoz sədri olmasını istəyirlər, bu məqsədlə etiraz edirlər.

Onların sözlərinə görə, hazırda keçmiş sədri onun müavini əvəz edir. Yerli sakinlər isə həmin şəxsin sədrlik etməsinə qarşıdırlar.

Sosial şəbəkələrdə yayılan görüntülərdən belə məlum olub ki, icra başçısı Nahid Bağırov sentyabrın 7-də  kolxoz sədri Vasili Novoseltsevi işdən azad edib. Sakinlər kolxoz sədrini özləri seçmək istəsələr də, bu, baş tutmayıb.

“Kolxoz sədrini onsuz da təyin edirlər,  kənd camaatı olaraq kolxoz sədrini seçə bilmirik. Hamısı göstərişlə olan şeylərdir. Kolxozda 2800-3000 iribuynuzlu heyvan olub. Sonuncu sədr 2800 baş mal, 8500 baş qoyun qəbul etmişdi. Donuzçuluq ferması da, idi, orada 2000-dən çox donuz da var idi. İndi hamısı bomboşdur. Hesabatlılıq yoxdur, kənardan investorlar cəlb edilir, pay torpaqları da onlara verilir. Kolxozu söküb dağıdıblar. Nəticədə kənd sakinləri maddi sıxıntı çəkirlər…” – sakinlər bildirib.

Məsələni aydınlaşdırmaq üçün Pravda.az saytı tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyətinə şifahi və yazılı şəkildə sentyabrın 6-dan bəri bir neçə dəfə sorğu ünvanlanıb. İcra Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Şəhla Qarayeva zənglərə cavab verməyib. Sektorun aparıcı məsləhətçisi Mehman Zeynalov isə deyib ki, Ş.Qarayeva vətəndaş qəbulunda olduğu üçün otağında yoxdur.

M.Zeynalov saytımız tərəfindən göndərilən rəsmi sorğuya cavab veriləcəyini, “hətta problem olsa, müavinin nömrəsini verərəm, danışarsınız, cavabınızı alarsınız” desə də, saytımıza heç bir mövqe göndərilməyib.

Sentyabrın 7-də müraciət etdiyimizdə Şəhla Qarayeva bu dəfə də zənglərimizə cavab verməyib. M.Zeynalov isə saytımıza zəng edib məlumat verəcəyini desə də, heç bir əlaqə saxlamayıb.