“Sovet iqtisadiyyatı inzibati amirlik sisteminə uyğun plan iqtisadiyyatı idi”.
Bu sözləri Editor.az-a Azərbaycan iqtisadiyyatının inkişaf yolundan danışarkən iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Sovet dövründə özəl mülkiyyət yox idi:
“Azərbaycan isə müstəqilliyini elan etdikdən sonra özəl mülkiyyəti təsbit edərək müqavilə hüququnu bərpa etdi.
Sovet hakimiyyətindən çıxdıqdan sonra Azərbaycan iqdisadiyyatına iki zərbə dəydi. Belə ki, həm iqtisadi quruluşu dəyişdik, həm də Sovet iqtisadiyyatından qurtulduq. Bu isə bütün iqtisadiyyatı dağıtdı.
1994-cü ildən etibarən isə neft strategiyası həyata keçirilməyə başlanıldı. Ölkədə güclü neft-qaz sənayesi quruldu. Neft və qazın istehsalı ilə yanaşı, dünya bazarına satılması üçün infrastruktur formalaşdırıldı. Ölkə iqtisadiyyatı hazırda neft-qaz sənayesinin inkişafı və onun xammal şəkildə satılması üzərində qurulub. Ölkənin ixrac gəlirinin 92-93 faizi sırf neft-qazın xammal şəkildə satılmasına əsaslanır.
Lakin günümüzdə qeyri-neft sənayesi, emaledici sənayesi zəif inkişaf edib. Yüksək texnoloji sahələrdə isə demək olar ki, inkişaf yoxdur”.
//Səbinə Hüseynli, Editor.az

