Jirinovski general rütbəsi istəyir – “Birinci prezident mənə bu rütbəni vermişdi…”backend

Jirinovski general rütbəsi istəyir “Birinci prezident mənə bu rütbəni vermişdi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anormal açıqlamaları və davranışları ilə seçilən, buna baxmayaraq, çox vaxt Kremlin demək istəyib də deyə bilmədiklərini dilə gətirməsilə tanınan Rusiya Dumasının deputatı, Liberal-Demokratlar Partiyasının və Dumadakı eyni adlı fraksiyasının lideri Vladimir Jirinovski “yaranmış beynəlxalq vəziyyəti nəzərə alaraq”, Duma üzvlərinə növbədənkənar hərbi rütbələrin verilməsini tələb edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukrayna ətrafında yaranan durumu və müharibə ehtimalını nəzərdə tutan Jirinovski bununla bağlı özünə aid Teleqram kanalında paylaşım edib: “Bütün kommunist deputatlara yefreytor (onbaşı), eserlərə serjant (Eserlər 20-ci əsrin əvvəllərində Rusiyada mövcud olmuş Sosialist-İnqilabçıları Partiyasının qısaldılmış adıdır, hazırda Dumada belə bir partiya təmsil olunmur – C.M.), “Vahid Rusiya” (hakim partiya-C.M.) üzvlərinə leytenant, LDPR üzvlərinə isə polkovnik rütbəsi verilsin. Mənə isə ayrılıqda general-mayor rütbəsi verilməlidir. Hələ birinci Prezident (Boris Yeltsin-C.M.) mənə bu rütbəni vermişdi, lakin bu, indiyə qədər rəsmiləşdirilməyib.”

Bundan əvvəl isə Jirinovski “Ukraynanın sonunun çatdığını” iddia edib, Prezident Volodimir Zelenski və tərəfdarlarına isə ölkədən qaçmağı məsləhət gördüyünü bildirmişdi.

Qeyd edək ki, bütün bunları deyən və özünə general-mayor rütbəsi tələb edən Vladimir Jirinovski deputat və fraksiya rəhbəri olmaqla yanaşı, uzun müddət Duma sədrinin müavini vəzifəsini daşıyıb. Həmçinin o, fəlsəfə elmləri doktoru, Rusiyanın əməkdar hüquqşünası, nəhayət, Rusiya Dövlət Şurasının üzvüdür(!). Və bu adama rəsmi nəticələrə görə, son parlament seçkilərində rusiyalıların 13.4 faizi (!) səs verib. Bu, olduqca böyük göstəricidir. Yəni belə çıxır ki, rusiyalıların hər 100 nəfərindən az qala 14 nəfəri ciddi psixi problemləri müşahidə olunan bu adamın rəhbərlik etdiyi siyasi qüvvəni dəstəkləyib…

Bütün bunları Azərbaycandakı Rusiya sevdalılarına, “rusbaşlar”a xatırlatmaq üçün qeyd edirik. Məşhur rus şairi Fyodr Tyutçevin dediyi kimi – “Rusiyanı ağılla anlamaq mümkün deyil!”