Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Josep Borrell Rusiyada prezident seçkilərinin azad və ədalətli olmadığını, repressiya və hədə-qorxuya əsaslandığını bildirib.
Bu gün Aİ ölkələri Rusiya seçkiləri ilə bağlı birgə bəyanat dərc edəcək.
Editor.az-ı məlumatına görə, Josep Borrell Brüsseldə jurnalistlərə bildirib ki, bu seçki repressiya və hədə-qorxuya əsaslanırdı (AFP). O qeyd edib ki, seçkilər “azad və ədalətli” olmayıb, çünki həqiqi müxalifət sıxışdırılıb və beynəlxalq müşahidəçilər iştirak etməyiblər. Bundan əvvəl Polşa və Britaniya hakimiyyət orqanları Rusiya seçkilərini qeyri-azad adlandırmışdılar.
Josep Borrell həmçinin ümid etdiyini bildirib ki, bu gün Aİ üzvləri Avropa sammitində Ukraynaya 5 milyard avro (5,45 milyard dollar) məbləğində hərbi yardım paketini təsdiq edəcəklər. “Bu, bir neçə həftədir müzakirə olunur, ümid edirəm ki, bu gün nazirlər Ukraynaya hərbi dəstəyimizi artırmaq üçün bunu mütləq təsdiq edəcəklər”, – o, deyib.
Rusiya MSK-nın məlumatına görə, bülletenlərin 99,7%-ni emal etdikdən sonra prezident Vladimir Putin 87,31% səs toplayıb. Bütün regionlar üzrə seçici fəallığı 74,22%, DQİ-də qeydə alınmış seçicilər 94% təşkil edib. MSK nəticələrə martın 21-də yekun vuracaq.
//Samir Qurbanov, Editor.az

