Növbəti verilişdə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan qəhrəman şəhidimiz gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı fikirlərini bölüşüb.
Övladları şəhidlik zirvəsinə ucalan xüsusən tək qalmış valideynlərlə mütəmadi ünsiyyət qurmağın vacibliyindən söz açan şəhid anası bu kimi işlərin təşkilində QHT-ləri könüllülük əsasında təşəbbüs göstərməyə, yerli məmurları belə təşəbbüsləri dəstəkləməyə çağırıb.
Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonu uğrunda döyüşlərdə iştirak edən, “Xocavəndin azad olunması uğrunda” medalı ilə təltif olunan müharibə əlili Teymur Kərimli dördüncü verilişin qonağı olub.
Şəhid ailələri və qazilərin ən etibarlı dayağının dövlət olduğunu nümunələrlə təsdiqləyən qazi deyib ki, bu gerçəyi həm özü, həm də döyüş yoldaşları, onların ailələri həyatlarında yaşayırlar.
Teymur Kərimli maraqlı təklif səsləndirib. Bildirib ki, işlə təmin olunmaq istəyən müharibə iştirakçılarına maarifləndirici və təşviqedici yöndən dəstək göstərməyin xeyirli üsullarından biri respublika üzrə vakant iş yerlərinin vahid platforma üzərindən təqdimatını qurmaqdır. Belədə qazi, yaxud şəhid ailəsi nümayəndəsi məlumatı ümumiləşdirilmiş mənbədən alar, iş yerləri axtarıb tapmaq asanlaşar.
Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.