Daha 3 min çeçen döyüşçü Ukraynaya döyüşə göndəriləcək.
Editor.az bildirir ki, bu barədə “Sky News” Çeçenistan lideri Ramzan Kadırova istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, silahlılar Rusiya Federasiyası Müdafiə Nazirliyi və Milli Qvardiyasının yeni bölmələrinin tərkibində olacaqlar.
Qeyd olunur ki, özünü tez-tez Vladimir Putinin “piyada əsgəri” kimi qələmə verən və bəzən Rusiyanın münaqişədəki hərəkətlərini kəskin tənqid edən Kadırov əsgərlərinin ən yaxşı texnika və müasir silahlara malik olduğunu qeyd edib.
Onlar həmçinin “çox döyüşkən və nəticə əldə etmək üçün yüksək motivasiyalıdırlar”. Kadırov may ayında demişdi ki, Çeçenistan müharibə başlayandan bəri Ukraynaya 26 mindən çox döyüşçü, o cümlədən 12 mini könüllü göndərib və onlardan 7 min nəfəri həmin vaxt fəal döyüşüb. Kadırovun iddialarını yoxlamaq mümkün olmayıb və Ukraynaya göndərilən çeçen döyüşçülərin sayı ilə bağlı təxminlər müxtəlifdir. Bu ayın əvvəlində Kadırov deyib ki, keçmiş “Vaqner” muzdlularının böyük bir qrupu da Çeçenistandan olan xüsusi təyinatlılarla təlimlərə başlayıb.
//Samir Qurbanov, Editor.az

