Kadr islahatının Elşad Həsənov fiaskosu: “lal deputat”, bacarıqsız icra başçısı…backend

Kadr islahatının Elşad Həsənov fiaskosu: “lal deputat”, bacarıqsız icra başçısı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar hakim komandada kadr dəyişikliyi ilə bağlı islahat, gənclərin idarəetməyə cəlb olunması təbliğatı gərəkən effekti vermir. Vəzifəyə gətirilən bir çox gənclər etmadı doğrultmurlar. Bu sırada təxminən ilyarım öncə 43 yaşında Yasamal rayon icra hakimiyyətinin başçısı təyin olunan Elşad həsənov da var. 2019-cu ilin noyabrında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşad Həsənovun fəaliyyətinə keçməzdən öncə cumhuriyyet.az olaraq qısa tərcümeyi halı diqqətinizə çatdırırıq. Beləliklə,

Elşad Həsənov kimdir?

Həsənov Elşad Eldar oğlu 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib.
1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.
2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli məclisi 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.
İngilis və rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur. Ailəlidir. İki övladı var.

Parlamentdə “lal deputat” kimi tanınmışdı

Təxminən 4 il Azərbaycan Ali Qanunverici orqanında təmsil olunan Elşad Həsənov bir deputat kimi ümumiyyətlə gözə görünməyib. Elşad Həsənovun adını cumhuriyyet.az olaraq internetdə axtarışa versək həmin dövrə aid onun bir-iki xəbər saytına verdiyi alayarımçıq, bir neçə cümləlik açıqlamasından başqa heç nə tapa bilmədik. Milli Məclisdə çıxışlarının da şahidi olmamışıq. Elə seçiciləri də Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd ediblər. Yasamaldan deputat seçilən Aytən Mustafayeva, Ülvi Quliyev və Elşad Həsənovun seçiciləri bir-birinə qarışıblar. Qısası, Yasamalda heç kim hansı deputatın seçicisi olduğunu bilməyib. Heç şübhəsiz ki, Elşad Həsənov müstəqil namizəd kimi deputat seçilsə də, ancaq mövcud iqtidarın kadrlarındandır və o, özbaşına şəkildə parlamentdə mandat qazanmayıb. Yəni Yeni Azərbaycan Partiyasının qeyri-rəsmi siyahısındakı deputatlardan olub. Bəs Elşad Həsənov ona göstərilən etimadı, xalqın səsini layiqincə qiymətləndirə bilirmi? Bu sualın cavabını bilmək üçün danışmaq lazım deyil, onun deputat seçildiyi dairəyə baş çəkmək lazımdır. Darmadağın yollar, işsiz vətəndaşlar, sosial problemlərini deməyə qapı tapmayan məzlum valideynlər və s. Düzdür, deputat seçicisini işlə təmin etmək iqtidarında deyil. Lakin Elşad Həsənov seçicilərinin problemlərini rəsmi qurumların qarşısında qaldıra bilməzdimi? İş ondadır ki, bunu da etməyib. Biznesmen deputatlardan olan Elşad Həsənov sadəcə deputat olmaq üçün bu yola ayaq basıb, Yasamala ayaq basmasa da olardı.

İşin öhdəsindən gələcəyini demişdi, amma…

Deputat kimi səsini eşitmədiyimiz Elşad Həsənov icra başçısı təyin olunaraq mətbuata bildirmişdi ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz: “İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünüz izləyəcəksiz. Əlimdən gələni əsirgəməməyə çalışacam. Bu təyinata görə bir daha dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi? E.Həsənov Yasamala başçı təyin olunarkən rayonda ən ciddi problemlərdən biri “Sovetski” problemi idi. İlyarımdı icra başçısı kreslosunda əyləşən E.Həsənovun bu problemlə bağlı nə etdiyini cumhuriyyet.az olaraq bir neçə gün öncəki məlumat əsasında diqqətinizə çatdırırıq: “Bakının keçmiş sovetski məhəlləsinin bir qrup sakini aprelin 2-də Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin binası önündə toplaşıblar. Sakinlər onlara ödənilməli olan kompensasiyaların verilməsini tələb edirlər. Sakinlərdən bəziləri Yasmal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun qəbulunda olublar. Görüşdən çıxan qadın sakinlərdən biri orada toplaşanlara deyib: “İcra başçısı bizə dedi ki, bütün məsələləri həll etməyə çalışırlar, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə məktublar göndərilib. Həmin məktublara cavablar gözlənilir. O dedi ki, yaxın 10-15 gündə məktublara cavab veriləcək”.
Keçmiş sakinlərin bir çoxu isə bu cavaba narazılıq edərək, xeyli vaxtdır ki, eyni sözləri eşitdiklərini, amma problemlərinin hələ də həll olunmadığını bildirib. Sovetskidə söküntülər 2013-cü ildən başlayıb. 2015-ci ildə manat dollara nisbətdə iki dəfədən çox dəyər itirsə də, sakinlərə devalvasiyadan öncəki dəyərlə pul ödəyiblər. Odur ki, keçmiş sovetski sakinləri onlara kompensasiya ödənilməsini tələb edirlər.”
Elşad Həsənov ən azı “Sovetski” sakinlərinin problemlərinə diqqət göstərməklə fərqlənə bilərdi. Amma dəfələrlə evləri sökülənlər Yasamal İH qarşısına toplaşsa da ortada bir nəticə yoxdur. Sakinlərin cumhuriyyet.az-a dediyinə görə, onların bir çoxu ev ala bilməyib, kirayələrdə qalan varlar, qeydiyyatları belə yoxdur, polisdədir. Şikayətçilərin sözlərinə görə, Yasamal rayon icra başçısı Elşad Həsənov keçmiş başçı Əziz Əzizovun əməlləri haqda Bakı meri Eldar Əzizova məruzə etməliydi. Amma E.Həsənov da sakinlərin hüquqlarının bərpası istiqamətində heç bir addım atmayıb. Bu mənada 2020-ci il üçün icra başçısının nə hesabat verəcəyi də məntiqə uyğundur.

Gənc yaşında kabinet məmuruna döndü…

Elşad Həsənovun icra başçısı kimi fəaliyyəti rəsmi xronikada da qənaətbəxş görünmür. O, 2020-ci il hesabatını verməyi “unudub”. İH-nin rəsmi saytında yalnız 2019-ci ilin hesabatına rast gəlmək mümkündür.E.Həsənov isə 2019-cu ilin noyabrında təyinat aldığı üçün İH-nin saytındakı hesabat da onun dövrünə aid deyil. İcra başçısı 2020-ci il üçün hesabat təqdim etməliydi ki, onu da deyəsən, “yaddan çıxarıb”. Bu da hesabatlılıq, şəffaflıq və məsuliyyətlilik nöqteyi-nəzərdən Yasamal İH rəhbərliyinin nöqsanı kimi qəbul olunmalıdır. Ümumiyyətlə, E.Həsənov Yasamalın necə deputatı olubsa, elə də icra başçısıdır. Onun ən böyük “hesabatı” sərt karantin zamanı yaşı 65-dən yuxarı olan ahıl qadın günün günortaçağı “20 Yanvar” metrosu yaxınlığında küçə süpürməyə məhkum etməsi idi. Həmin vaxt yaşı 65-dan yuxarı olanların küçəyə çıxmasına qadağa qoyulmasına baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyətinə tabe olan MKTB rəhbərliyi yaşlı nənəyə küçə süpürdürdü.
Ona görə də Prezidentə və ictimaiyyətə Yasamal rayonu ilə bağlı 2020-ci ildə heç bir hesabat verilməyib. 2019 hesabatında isə görüntü xatirinə olsa belə hansı küçənin, hansı məhəllənin abadlaşması haqda ən azı məlumat var. E.Həsənov gəldiyi gündən bir yol asfaltlanmayıb, bir məhəllə abadlaşmayıb, bir ərazinin abadlaşmasına tapşırıq verməyib.
Prezident icra başçılarını təyin edərkən birinci göstərişi vətəndaşlara xidmətlə bağlı olmuşdu. Amma görünür ki, E.Həsənov da digər İH rəhbərlərindən seçilmir. Halbuki kadr islahatları aparılarkən gənc məmurlara etimad göstərilməklə onların daha çevik, mobil iş quracağı gözlənilirdi. Onlar isə gözləntiləri tam doğrultmurlar.

//cumhuriyyet.az

Loading...