Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampla növbəti debat raundunun keçirilməsinin zəruriliyini açıqlayıb.
“Bizim daha bir müzakirəmiz lazımdır. Rəqibim ondan qaçmaq üçün səbəb axtarır, amma razılaşmalıdır. Seçki gününə qədər Amerika xalqı və seçiciləri ilə bir daha görüşmək öhdəliyimiz var”, – deyə xanım Harris Nyu-Yorkda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Bildiyimiz kimi Donald Tramp və Kamala Harris arasında debatın ilk raundu sentyabrın 10-da baş tutub. CNN/SSRS sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i xanım Harrisin qalib gəldiyini bildirib. Eyni zamanda, Tramp bunun onun “indiyə qədərki ən yaxşı debatı” olduğunu söyləyib. Birinci debatdan dərhal sonra ABŞ-ın keçmiş prezidenti NBC və ya “Fox News” telekanalında ikinci tura razılaşacağını bildirib. Bununla belə, Kamala Harris israr edir ki, şifahi duelin təşkilatçısı CNN olmalıdır. Onun kampaniyası tərəfindən ilkin olaraq təsdiqlənən debat tarixi 23 oktyabrdır. “Yeni debatla bağlı problem ondan ibarətdir ki, artıq gecdir, səsvermə artıq başlayıb”, – deyə Tramp Vilminqtonda keçirilən mitinqdə təklifə cavab verərkən deyib.
//Samir Qurbanov, Editor.az