Amerika polisi Arizona ştatının Tempe şəhərində Demokratlar Partiyasının koordinasiya etdiyi vitse-prezident Kamala Harrisin seçki qərargahının atəşə tutulması ilə bağlı insidenti araşdırır.
Editor.az bildirir ki, bu barədə sentyabrın 24-də NBC News məlumat yayıb. Telekanalın məlumatına görə, bu, Harris seçki kampaniyası çərçivəsində Arizonaya gəlməmişdən bir neçə gün əvvəl baş verib.
Tempe polisi jurnalistlərə deyib: “Biz təsdiq edə bilərik ki, sentyabrın 23-də Demokrat Partiyasının ofisində güllə izləri var”. Qərargah binasında atəş açıldığı barədə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Polis hesab edir ki, gecə burada heç kim olmayıb, lakin işçilər və qərargahın yaxınlığındakı insanlar üçün potensial təhlükə olub.
NBC News qeyd edir ki, bu, son həftələrdə Tempedəki Demokratik ofisə ikinci hücumdur. Sentyabrın 16-na keçən gecə də binanın fasadında da güllə izləri aşkar edilib.
//Samir Qurbanov, Editor.az