Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov mayın 30-da Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025″də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsal dövrün tələbləri, süni intellektin media sahəsinə təsiri, dezinformasiya ilə mübarizə və sosial medianın artan rolu jurnalistlərdən daha yüksək peşəkarlıq və çeviklik tələb edir:
“Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi ilə üz-üzədir. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir”.
K.Həsənov bildirib ki, son illərdə Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkənin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb:
“Mən əminəm ki, bugünkü tədbir bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək”.