“Kanada bir dövlət kimi daima Amerika Birləşmiş Ştatlarını təkrar etməklə məşğul olub”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Kanada xarici işlər naziri Melani Colini sosial səhifədəki hesabında Aİ müşahidə missiyasının Cermukdakı ofisinə səfəri barədə yazdığı fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Kanada əksər hallarda ABŞ-nin istəyi ilə hərəkət edir:
“Ermənistana münasibətdə atılan addımlar da bu məqsədi daşıyır. Kanadanın xarici işlər naziri Melani Colinin Azərbaycanı sanksiyalarla hədələməsi tamamilə mənasız yanaşmadır. Çünki Azərbaycanın Kanada ilə ticarət dövriyyəsi son dərəcə aşağıdır. Həmin “sanksiyaların” rəsmi Bakıya heç bir təsiri yoxdur”.
A. Səmədovun fikrincə, Melani Colinin Avropa İttifaqının müşahidə missiyasının Ermənistandakı fəaliyyəti ilə bağlı səsləndirdiyi “müsbət” fikirlər (red. Kanadanın üçüncü tərəf kimi töhfəsi sayəsində Aİ-nin Ermənistandakı missiyası (EUMA) Ermənistan və Azərbaycan arasında sərhədə nəzarət edir. Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təmin edir.Regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, demokratiyanın gücləndirilməsi və Ermənistanın səsinin gücləndirilməsi görüşdə müzakirə olunan əsas prinsiplərdir) reallıqdan tam uzaq iddialardır:
“Bu kimi addımların əsas məqsədi isə Rusiyanın hərbi bazasını Ermənistandan çıxartmaq, eləcə də rəsmi Moskvanın iqtisadi iştirakını mümkün qədər azaltmaqdır. Lakin bu da son dərəcə çətin, hətta yaxın on illər ərzində mümkünsüz işlərdir. Kanada Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmaq istiqamətində addım atır. Bundan əlavə nəyəsə nail olması isə gözlənilən deyil”.
//Safura Bənnayeva, Editor.az

