“Kasıb kasıb kimi, varlı varlı kimi yaşamalıdır”- Ekspert Azərbaycanda gündəlik xərclər böhranından DANIŞDIbackend

“Kasıb kasıb kimi, varlı varlı kimi yaşamalıdır”– Ekspert Azərbaycanda gündəlik xərclər böhranından DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə Azərbaycanda ailə büdcələrinin kifayət qədər yetərsiz olması sosial gündəmin əsas mövzularından birinə çevrilib. Ərzaq məhsulları, kommunal xidmətlər və kirayə qiymətlərinin artımı bir çox ailənin gündəlik xərclərini qarşılamaqda çətinlik yaratdığı bildirilir. Gənc ailələr, tək pensiya ilə yaşayan yaşlılar və aşağı maaşlı işçilər bu vəziyyətdən xüsusilə çox təsirlənir. Ailələrin bir qismi əlavə borc və kreditlərə müraciət etmək məcburiyyətində qalır. Sosial şəbəkələrdə və medianın müxtəlif platformalarında bu mövzu ilə bağlı narazılıqlar geniş müzakirə olunur və cəmiyyətin sosial rifah siyasətinə münasibəti barədə suallar doğurur.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, hökumət əhalinin vəziyyətini nəzərə alaraq nominal gəlirlərin inflyasiyanı üstələdiyini və sosial həssas təbəqələr üçün tədbirlərin davam etdiyini vurğulayır:

“Hesab olunur ki, əhalinin nominal gəlirləri inflyasiyanı üstələyir və nəticədə 2024 və 2025-ci illərdə əhali varlanıb. Sosial həssas təbəqəyə aid olan pensiya alanların pensiyaları hər il indeksləşdirilir. Bu il də pensiyalar təqribən 9,3 faiz artacaq. Qanunvericiliyə əsasən, işləyənlərin maaşının artım faizi ilə pensiyalar da növbəti ildə uyğunlaşdırılır. Bu il işləyənlərin maaşı təqribən 9,2 faiz artıb, yanvarın 1-dən isə pensiyaçıların pensiyası artırılacaq”.

Ekspert həmçinin ünvanlı sosial yardımın məbləğinin artacağını bildirib:

“2025-ci ildə bir nəfərin minimal yaşayışı üçün ortalama 285 manat tələb olunurdusa, 2026-ci il üçün bu rəqəm 300 manata yüksəlib. Bu isə o deməkdir ki, ünvanlı sosial yardım alan ailələr də yardımdan faydalanacaqlar”.

X. Kərimli bank kreditləri ilə bağlı yayılan yanlış məlumatlara da münasibət bildirib:

“Banklar yalnız kreditin qaytarılacağına əmin olduqları şəxslərə kredit verir. Mərkəzi Bankın qaydalarına görə, vətəndaşın aylıq kredit ödənişi onun gəlirinin 45 faizini keçməməlidir. Belə ki, sosial şəbəkələrdə yayılan “imkanım yoxdur, kredit götürürəm” iddiaları düzgün deyil. İnsanlar büdcələrinə uyğun yaşamalıdır. Burada vacib prinsip odur ki, kasıb kasıb kimi, varlı da varlı kimi yaşamalıdır. Yəni insanlar büdcələrinə uyğun yaşayış formalaşdırmalıdır. Dədə-babadan qalan bir söz var ki, ayaqlarını yorğanlarına görə uzatmalıdırlar. Məsələn, varlı bir toy edir, kasıb da onun xərclərini təqlid etməməlidir. Varlının pulu var, təntənəyə meyillidir, kasıb isə restoranlara getməməli və varlını yamsılamamalıdır. Dövlət statistik məlumatlarına görə isə son iki ildə əhalinin nominal gəlirləri nominal inflyasiyanı üstələyir, yəni əhali kasıblamayıb. Lakin inflyasiyadan fiksə edilmiş gəlirə malik şəxslər daha çox əziyyət çəkir. Xüsusilə ərzaq xərci olan ailələr ərzaq inflyasiyasının təsirini daha dərindən hiss edir”.

//Gülnarə Abasova, Editor.az