Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bütün Ermənilərin Katolikosu II Qaregin (dünyəvi adı Ktrix Nersisyan) istefa verməlidir.
Editor.az xəbər verir ki, Baş nazir hesab edir ki, baş keşiş “dövlət təhlükəsizliyinə təhdid” yaradır: “Ermənistan Müqəddəs Apostol Kilsəsinə Ktrix Nersisyanın iştirakından daha böyük zərər verən heç nə yoxdur. Biz deyirik ki, proses başlayıb və o, getməlidir. İstefa verib-verməmək məsələsi yoxdur”, – deyə Paşinyan bildirib. Paşinyan yalnız hazırkı Katolikosun adının çəkilmədiyi mərasimlərdə iştirak etdiyini təsdiqləyib və ruhaniləri hakimiyyətin onu qanuni hesab etmədiyini nəzərə almağa çağırıb.
Lakin bu gün səhər saatlarında Ermənistan Apostol Kilsəsinin 27 yepiskopu və arxiyepiskopu II Qaregini dəstəkləyən birgə bəyanat yayıblar. Onlar “siyasi müdaxiləni” və liturgiyada Katolikosun adına məhəl qoyulmamasını pisləyiblər və bunu parçalanma elementi adlandırıblar.
Qeyd edək ki, hökumətlə kilsə arasında münaqişə bir neçə ildir davam edir. Katolikosun qohumları da daxil olmaqla, yüksək vəzifəli ruhanilər hakimiyyəti ələ keçirmək çağırışlarından tutmuş seçicilərə təzyiq göstərməyə qədər müxtəlif ittihamlarla həbs olunub və ya məhkum ediliblər.
//Samir Qurbanov, Editor.az

