Keçmiş MTN işçisi tapança götürüb “Lexus”la qaynatasının evinə getdi, ağır söyüşlər söydü və öldürüldü…backend

Keçmiş MTN işçisi tapança götürüb “Lexus”la qaynatasının evinə getdi, ağır söyüşlər söydü və öldürüldü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürəkənini odlu silahla qətlə yetirməkdə ittiham olunan 59 yaşlı A.C-nın cinayət işi üzrə məhkəmə prosesi dekabrın sonlarında yekunlaşıb.

Editor.az virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il dekabrın 13-də Bakıda baş verib. 35 yaşlı R.M odlu silahdan açılan atəşlə öldürülüb. İstintaqla müəyyən edilib ki, A.C qətli öncədən planlaşdırmayıb.

Hadisə kürəkəninin qayınatasına məxsus bağ evinə gələrək dava-dalaş salması səbəbindən baş verib. Bundan əvvəl də R.M bir neçə dəfə qayınatasına məxsus bağ evində mübahisə yaradıb, həyətin qarşısında tapança ilə havaya atəş açıb.

2000-ci illərin ortalarında Milli Təhlükəsizlik Nazirliyində işləyən R.M sonradan xəstəliyi ilə əlaqədar olaraq işdən çıxıb, atasına məxsus zavodda direktor müavini işləyib. Son vaxtlar ailəsində ciddi problemlər yarandığından həyat yoldaşı iki uşağı ilə birgə atası evinə gedib. R.M özünün “Lexus” markalı avtomobillə arvadının və uşaqlarının arxasınca qayınatasının bağ evinə gəlib. Qayınata-kürəkən arasında yaranan mübahisə qətllə nəticələnib.

Hadisədən sonra “Lexus” markalı avtomobildən sahibinə məxsus tapança və dəyənək aşkarlanaraq götürülüb.

Təqsirləndirilən A.C ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində qızının 12 il əvvəl R.M ilə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladlarının dünyaya gəldiyini deyib. Toydan bir müddət keçdikdən sonra kürəkəninin narkotik qəbul etməsi, içki aludəçisi olması, həyat yoldaşına qarşı kobud davranması məlum olub. 2010-cu ildə qızı boşanmaq üçün məhkəməyə müraciət etsə də, ağsaqqalların tövsiyəsi ilə yenidən R.M ilə barışıb, birgə yaşayıblar. Kürəkənin valideynləri ilə məsləhətləşib onu müalicə etdirmək qərarına gəliblər. Lakin R.M müalicəsini yarımçıq qoyub. Bu səbəbdən də müalicənin xeyri olmayıb.

A.C-nin ifadəsinə görə, ötən ilin oktyabr-noyabr aylarında qızının ailəsindəki vəziyyət kritik həddə çatıb. Artıq həyat yoldaşının hərəkətlərinə dözə bilməyən qızı boşanmaq üçün yenidən məhkəməyə müraciət edib: “O, uşaqlarını da götürüb şəhərdəki mənzilimizə köçüb orada yaşayırdı. Həftədə iki-üç dəfə uşaqları görməsi üçün R.M-ə şərait yaradılırdı. Nə mən, nə qızım, nə də arvadım atasının öz uşaqlarını görməsinə problem yaratmamışıq”.

Hadisə baş verən gün R.M qayınatasına zəng vurub ondan harada olduğunu soruşub. O, da cavabında bağ evində olduğunu deyib: “Zəng vuranda aqressiv danışdı. Bağa çatanda dedi ki, darvazanın yanındayam. Evdən həyət qapısının düyməsini basdım, həyətə girdi. Onu sakitləşdirmək istədim, həyətdə söyüş söyməsin deyə evə dəvət etdim. Oturub söhbət elədik, uşaqlarını görmək üçün heç kimin maneçilik yaratmadığını başa salmağa çalışdım. Dedim ki, vaxt keçər, yenə barışarlar. Fikirləşdim ki, sakitləşib çıxıb gedər”.

O, qayınatasının dediklərinə əhəmiyyət verməyib, əksinə daha da aqressivləşib və qayınatasının ünvanına təhqiramiz ifadələr işlədib.

“Əxlaqsız sözlər deməyə, şəxsiyyətimi alçaltmağa başladı. Ailə üzvlərimi öldürəcəyi ilə hədələdi. Əsəbimi cilovlayıb cavab vermədim. Allahdan özümə səbir dilədim. Şeytana lənət deyib toxtamağa çalışdım. R.M ayağa qalxıb həyətə çıxdı. Mən də onun arxasınca çıxdım. Həyətdə geriyə çevrilib ölümü-dirimi, atamın qəbrini söydü. Artıq dözmədim. Elə bil havalandım. Evə girib ov tüfəngini götürüb həyətə düşdüm. Bundan sonra nə baş verdiyini xatırlamıram. O zaman ayıldım ki, bağban kürəyimdən tutub silkələyir. Yerə çökdüm, tüfəng əlimdən düşdü. R.M bir qədər aralıda yerdə uzanıqlı vəziyyətdə idi. Bağbana dedim ki, təcili yardıma zəng vur. Özüm də polisə zəng vurdum” – A.C əlavə edib.

Mərhumun yaxınları isə hadisənin baş verməsinə son vaxtlar R.M-nın övladlarını görməyə əngəl yaradılmasının səbəb olduğunu deyiblər.

Zərərçəkmişin hüquqi varisi V.M-in ifadəsinə görə, cüzi söz-söhbətlər olsa da, R.M öz ailəsinə yaxşı baxıb.

“Qardaşım həyat yoldaşını dünyanın bir çox ölkələrini gəzdirmişdi. Qızlarını da çox sevirdi. Ailədə söz-söhbət olanda mərhum atamla R.M-in qayınatası birgə yoluna qoyardılar. A.C-ni yaxşı bir insan kimi tanımışam. Heç vaxt qardaşımın ailə işlərinə qarışmadığını bilirdim. Lakin arvadı daim qardaşımın ailə işlərinə qarışır, şəhərin mərkəzindən yeni ev almağı tələb edirdi. Əks halda qızını boşatdıracağını deyirdi. Hər dəfə həyat yoldaşı evdən küsüb getdikdən sonra barışanda qardaşım ona bahalı qızıl-zinət əşyaları alıb verirdi. Axırıncı dəfə küsüb valideynlərinin evinə gedəndə onun anası R.M-in uşaqları görməsinə əngəl yaradırdı. Ona görə də hadisə baş verən gün R.M öz bağından 150 metr aralıda olan qayınatasının bağına getmişdi ki, uşaqları ilə görüşməsinə olan maneəni aradan qaldırsın. Ola bilsin əsəbi olub, söyüş söyüb. A.C (qayınata) də tüfənglə ona üç dəfə atəş açıb. Adam da heç söyüşə görə nəvələrinin atasını öldürərmi?” , – o deyib.

Mərhumun digər yaxınları da analoji ifadələr veriblər.

Məhkəmənin hökmü ilə A.C cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.