Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının dəyişdirilməsi planlarını şərh edərkən millətçilikdən və təcavüzkarlıqdan əl çəkməyə çağırıb.
Editor.az bildirir ki, o, bu barədə Ermənistanın İctimai Radiosuna müsahibəsində simvolik müqayisələrdən istifadə edərək danışıb. “Biz aqressiv bir mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır”, – Paşinyan deyib.
Onun sözlərinə görə, keçmişdən əl çəkmədən Ermənistanın gələcəyə yolu yoxdur. “Təsəvvür edin, biz eyni yolda gedirik, A nöqtəsindən B nöqtəsinə getməliyik. Gedib görürük ki, yolun hər iki tərəfində öküzlər var. Biz isə tamamilə qırmızı geyinmişik. Üstəlik, bu qırmızı paltarları isə mənim üçün artıq həyatda olmayan nənəm tikib.
Bu, mənim üçün talismandır. Amma biz bu yoldan keçməliyik. Burada müzakirə edib birlikdə qərar verməliyik”, – Paşinyan vurğulayıb. Ermənistan bundan sonra hara getməyi müzakirə edib qərar verməlidir. “Qırmızı paltardan” imtina etmək, bunun keçmiş olduğunu başa düşmək və mövcud mühitə və reallıqlara uyğun olaraq “paltarı dəyişmək” lazımdır – əks halda ölkə çıxılmaz vəziyyətdə qalacaq.
“Qırmızı geyim variantında bu yoldan keçməyəcəyimizə 100% zəmanət verə bilərəm. Maskalama variantında isə bu yolu keçəcəyimizə 100% təminat verə bilmərəm. Amma keçmək üçün bir yol varsa, bu ikinci variantdır”, – Paşinyan yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az

