ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq açıqlamasında bildirib ki, Qara dənizdə atəşkəs razılaşması üzrə danışıqlar Ukrayna böhranının həlli prosesində “ən asan” addımdır.
Editor.az bu barədə Fox News telekanalına istinadla xəbər verir.
“Bizim bu addıma başlamağımızın səbəbi ən asan iş olması idi. Qalan addımlar həqiqətən çətin olacaq; biz ərazi məsələləri, şəhərlərə hücumlar və hər iki tərəfdən raket hücumları kimi problemlərlə üzləşmişik”,- deyə Kelloq bildirib.
Bundan əlavə, Kelloq heç bir tərəfin yekun razılaşmadan tam razı qalmayacağını vurğulayaraq “tərəflərin heç biri istədikləri hər şeyi əldə etməyəcək” dedi və de-fakto və de-yure nəzarət arasındakı fərqə görə ərazi məsələlərinin müzakirəsinin xüsusilə çətin olacağını bildirdi.
Kelloq əlavə edib ki, ABŞ Rusiya və Ukraynanın tələblərini qiymətləndirir və qərarı üçün onları prezident Donald Trampa təqdim edəcək. Bundan əlavə, Kelloq bildirib ki, əsas məqsəd hərtərəfli atəşkəsdir.
//Gülnarə Abasova, Editor.az