“Kənddə biabır olmuşdum” – Arvadını öldürən kişibackend

“Kənddə biabır olmuşdum” – Arvadını öldürən kişi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda övladlarının gözü qarşısında arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Onun istintaqdakı ifadəsi və hadisənin təfərrüatı məlum olub.

Editor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Rəşad Rəşidovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Rəşad Rəşidovun istintaqdakı ifadəsi və hadisənin baş vermə səbəbləri ilə bağlı təfərrüatı məlum olub.

Əvvəlcə bildirək ki, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Raisa Rəşidova aldığı bədən xəsarətləri nəticəsində çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Raisa Rəşidovanın əri Rəşad Rəşidov tərəfindən vəhşicəsinə döyüldüyü və aldığı xəsarətlərdən dünyasını dəyişdiyi məlum olub.

Həbs edilən Rəşad Rəşidova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad Rəşidov istintaqdakı ifadəsində hadisəni törətməsini etiraf edib və bildirib ki, arvadını başqa şəxslə münasibətdə olmasına görə öldürüb.

Xaçmaz rayon Köhnə-Xudat kəndində yaşayan Rəşad Rəşidov ifadəsində deyib ki, Raisa ilə 2005-ci ildə ailə həyatı qurub və iki övladları var. Rəşad Rəşidov 2019-cu ildə arvadından şübhələndiyini deyib.

“Bir gün sinif yoldaşım və həmkəndlim Rasim mənə dedi ki, arvadın özünü kənddə şübhəli aparır. Başqa kişilərlə münasibətinin olduğunu dedi və mənim ayıq-sayıq olmağımı məsləhət gördü. Bundan sonra Raisanı güdməyə başladım. Raisa meyvə bağında işləyirdi. Bir gün evdə onun telefonla bir kişi ilə danışdığını eşitdim. Ona kiminlə danışdığını dedim. Mənə açıq şəkildə dedi ki, ya ikiniz, ya da heç biriniz. Bu sözlər məni çox qəzəbləndirdi. Həmin gün onu döydüm. O da məndən polisə şikayət etdi və məhkəmə qərarı ilə 20 sutka həbs cəzası aldım”, – deyə Rəşad Rəşidov ifadəsində göstərib.

Həbsdən çıxdıqdan sonra evə qayıtdığını deyən Rəşad Rəşidov ifadəsində bildirib ki, arvadı bundan sonra da eyni əməllərindən əl çəkməyib.

“Bir gün gecə oyananda gördüm ki, Raisa yoxdur. Səhər saat 6-da evə gələndə soruşdum ki, harada idin? Mənə hesabat vermək istəmədiyini dedi. Onu boşamaq istədim, amma uşaqlara görə etmədim. Mən özüm də yetim böyümüşəm. Ana qayğısı görməmişəm. Düşünürdüm ki, yoldaşımdan bu sevgini görərəm, amma o, mənə xəyanət etdi. Raisanın atasına və qardaşına bu barədə dəfələrlə dedim. Amma dəyişən heç nə olmadı. Kənd camaatından eşitdim ki, Raisa Xudatda Arif adlı şəxslə münasibətdədir. Ariflə görüşə getdim. Mənə açıq şəkildə dedi ki, Raisa ilə münasibəti var. Arif barəsində polisə şikayət etdim. Sonra Raisa bir müddət düzəldi. Heç kimlə görüşmədiyini, danışmadığını görürdüm. Həmin zaman danışmırdıq.

Yenə bir gün Raisa evə tanımadığım maşınla gəldi. Danışmadığımız üçün heç nə demədim. Sonra onun həmin maşınla evə gəlməsi adət halını aldı. Kənddə biabır olmuşdum. Məni arxadan “peysər” deyə çağırırdılar, ələ salırdılar”.

Rəşad Rəşidov bundan sonra arvadını öldürmək qərarına gəldiyini deyib. O bildirib ki, hadisə günü evdə olan 250 qram arağı içib və Raisanın işdən evə gəlməsini gözləyib:

“Mətbəxdə oturmuşdum. Evə girən kimi sifətindən bir sillə vurub yerə yıxdım. Yerdə onun başına sağ ayağımla zərbələr endirdim”.

Rəşad Rəşidov ayaqla Raisanın bədən nahiyələrinə zərbələr endirib. Başına vurduğu zərbələr nəticəsində Raisanın başı beton döşəməyə bir neçə dəfə çırpılıb. Rəşad daha sonra mətbəxdəki masanı yerdə köməksiz və huşsuz vəziyyətdə qalan Raisanın üzərinə aşırıb.

Bütün bunlar baş verən zaman Rəşadın övladları araya girərək analarını qorumaq istəyib. Amma Rəşad onları itələyərək Raisaya zərbələr endirməyə davam edib.

Səs-küyə qonşular və Raisanın anası gəlib. Rəşad Raisanın anası ilə mübahisə edib. Ona deyib ki, bilmirdiniz axırı belə olacaq?

Hadisə yerinə gələn polis əməkdaşları onu polis bölməsinə aparıb və izahatını alıb.

Polisdən çıxan Rəşad evə gəldikdə öyrənib ki, Raisa xəstəxanaya aparılıb. Bir neçə saat sonra polis əməkdaşları təkrar onun evinə gəlib və şöbəyə aparıblar. Orada öyrənib ki, Raisa aldığı xəsarətlərdən dünyasını dəyişib.

Raisanın ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

Mərhumun atası Sədrəddin Tarverdiyev isə istintaqda deyib ki, qızının ailəsində problemlər Rəşad Rəşidovun spirtli içki aludəçisi olmasından sonra başlayıb. Sədrəddin Tarverdiyev qızı haqqında deyilənləri qəbul etməyib və bildirib ki, Rəşad içki içdikdən sonra əsassız səbəblərlə ailəsində problemlər yaradırmış.

Məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, elan olunan ittiham sübuta yetirilərsə, Rəşad Rəşidov 14 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.

 

Musavat.com

Loading...