Keyfiyyət artmır, amma qiymətlər qalxır: ” Son 3 ildə 100 faiz…”- Tural Abbaslıdan SƏRT TƏNQİDbackend

Keyfiyyət artmır, amma qiymətlər qalxır: “Son 3 ildə 100 faiz…”- Tural Abbaslıdan SƏRT TƏNQİD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ictimai nəqliyyatda son qiymət artımı cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə, metro və avtobuslarda gedişhaqqının qaldırılması həm gündəlik xərclərin artmasına, həm də sosial narazılığın güclənməsinə yol açıb. Ekspertlər bildirirlər ki, insanların gəlirlərində ciddi artım müşahidə olunmadığı halda, nəqliyyat xərclərinin bu şəkildə yüksəlməsi sosial ədalətsizlik kimi qiymətləndirilə bilər.

Ağ Partiya sədri Tural Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, metro və avtobuslarda gedişhaqqının qaldırılmasının heç bir iqtisadi əsası yoxdur. Onun sözlərinə görə, qiymət artımı ilə bağlı nazirliyin açıqlamasında göstərilən əsaslandırmalar sadəcə “standart izahlar”dır:

“Sadəcə bir-iki plan əlavə ediblər. Məsələn, 10 metro stansiyasının layihələndirilməsi, Sumqayıt-Bakı xətti üçün bir neçə avtobusun alınması. Bunlar hələ arzu-istək səviyyəsindədir. Reallaşdırılması başlamamış planlara görə qiymətləri qaldırmaq yolverilməzdir. İnsanların gəlirləri artmadığı bir vaxtda belə qərarlar qəbul etmək doğru deyil”.

Tural Abbaslı qeyd edib ki, son 3 ildə ictimai nəqliyyatda hər il qiymətlər 10 qəpik artırılmaqla, 30 qəpikdən 60 qəpiyə qədər qalxıb:

“Son nəticədə 3 ildə nəqliyyat tarifləri 200 faiz bahalaşıb. Amma bu artıma uyğun olaraq nə xidmətin keyfiyyətində, nə də vətəndaş məmnuniyyətində dəyişiklik var. Nazirlik problemlərə alternativ yollar tapmaq əvəzinə yükü vətəndaşların üzərinə atır”.

O əlavə edib ki, bu qərar əhali üçün birbaşa əlavə xərclər deməkdir:

“Sadə hesab aparsaq, qiymət artımı hər bir sərnişin üçün bir gedişə 20 faiz əlavə yük gətirir. Beş nəfərlik ailə üçün isə bu, ay ərzində nəzərəçarpacaq əlavə xərc deməkdir”.

// Gülnarə Abasova, Editor.az