Sinan Oğanın Rəcəp Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda dəstəkləməsi böyük rezonans doğurdu və rəğbətlə qarşılandı.
Bu barədə bazar ertəsi Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, eyni zamanda birinci tur seçkiləri zamanı namizəd olmuş Sinan Oğan 5%-dən çox səs toplamışdır.
“Bu səs faizi əslində yüksək göstərici sayılır. Hər iki namizəd Sinan Oğanın səslərinə göz dikmişdi. Onun səsləri mühüm əhəmiyyət kəsb edirdi. Ölkəmizdə də Sinan Oğanın seçimi təqdir olundu. Çünki Sinan Oğanın Azərbaycan kökənli olması və burada işləməsi ictimai rəydə də onun personasını bir qədər də yüksəldir.
Bunun əyani sübütu kimi İkinci Qarabağ müharibəsində Türkiyənin ölkəmizə verdiyi siyasi və mənəvi dəstək post müharibə reallıqlarında Şuşa bəyannaməsinin imzalanması və Azərbaycanın hər mövqeyinin dəstəklənməsi əlbəttə indiki seçimlərdə Rəcəp Tayyib Ərdoğanı üst mövqeyə qaldırır. Artıq əminliklə qeyd etmək olar ki, Ərdoğan may ayının 28-də keçiriləcək ikinci tur prezident seçkilərində qalib gələcək. Birinci turda da Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Ədalət və İnkişaf Partiyası parlamentdə say çoxluğu əldə edib. Bu qələbə də prezident seçkilərində böyük üstünlük hesab olunur””, – deyə İ.Hüseynov bildirib.

