ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FRS) növbəti sədri vəzifəsinə namizəd seçdiyini açıqlayıb.
Lakin həmin şəxsin adını çəkməyib: “Kimi seçəcəyimi bilirəm, bəli. Biz bunu elan edəcəyik”, – deyə Tramp Floridadan “Andrews” Hərbi Hava Qüvvələri Bazasına uçarkən jurnalistlərə bildirib.
Tramp Milli İqtisadi Şuranın direktoru Kevin Hassettin Fed-in sədri olub-olmaması ilə bağlı suala cavab verməkdən yayınıb. “Sizə deməyəcəyəm, biz bunu elan edəcəyik”, – deyə Tramp cavab verib. Onun namizədinin sonradan ABŞ Senatı tərəfindən təsdiqlənməsi lazım olacaq.
Hazırkı FRS sədri Jerome Povell-in səlahiyyət müddəti 2026-cı ilin may ayında başa çatır. Donald Tramp dəfələrlə onu tənqid edib. Noyabr ayında o, faiz dərəcələrini aşağı salmasa, FRS sədrini işdən çıxarmaqla hədələyib. ABŞ Maliyyə Nazirliyi yeni FRS sədrinin adını 25 dekabra qədər açıqlayacağını gözləyir.
//Samir Qurbanov, Editor.az

