“Həyatda hamının ən çox güvəndiyi bir insan olur. Mənim ən güvəndiyim şəxs qızım Bənövşədir. Bəzən dost kimi, bəzən də ana-bala kimi söhbətlərimiz olur. Bəzi söhbətlər var ki, düşünürəm ki, o ailə həyatı qurandan sonra onunla bölüşə bilərəm. Ümumiyyətlə övladlarımın üçün ilə də dostam. Amma bununla belə sərhəd də saxlayıram. Hər şey qədərində gözəldir. Heç vaxt onlarla aramda olan pərdəni götürməmişəm. Nə qədər müasir ailə olsaq da mental dəyərləri unutmuruq”.
Editor.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur müğənni Roza Zərgərli deyib. O, daha sonra əlavə edib.
“İnsan heç nədən sığortalanmayıb. Bəzən həyatımızda elə şeylər baş verir ki, “kaşki bu olmazdı” deyə düşünürük. İnsan öz səhvləri ilə böyüyür. Elə biz də. O qədər səhvlərimiz, peşmanlıqlarımız olub ki. Kimin məgər günahı yoxdur? Heç kim ideal insan axtarışında deyil, çünki ideal insan da yoxdur. İnsan digər insanlarla münasibətini sağlam şəkildə qurmalıdır.
Şəxsən mən çox güzəştə gedən insanam. Amma mənimlə danışmağın da tərzi var. Kimsə üstümə gəlsə, dikbaş danışsa ona heç vaxt güzəştə getmərəm. Bunu ətrafımdakı insanlar da çox yaxşı bilir. Bəzən qızışıram, danlayıram. Onlar məni yaxşı tanıyırlar. Heç vaxt mənə yaxşılıq edən insanları unutmuram. İlk klipimin dəstəkçisi əməkdar artist Gülüstan Əliyeva olub. Bunu hər yerdə deyirəm, deyəcəyəm də. Gülüstan xanımın klipinin çəkilişi idi. O vaxt aparat və texnika saatla verilirdi. Elə oldu ki, Gülüstan xanımın klipini tez çəkib qurtardılar, o rəhmətlik Etibar Babayevdən xahiş etdi ki, qalan vaxta mənim üçün klip çəksin. Gülüstan xanım bu jesti mənə etdi, əslində tez bitirmişdilər, texnikanı qaytarıb pulunu da geri istəyə bilərdi” deyə müğənni bildirib.
Roza Zərgərli instaqramda ona yazılar rəylərdən də danışıb.
“Bir çoxları şəkillərimin altında rəy yazır ki, özünə çox güvənir. Bəli, özümə güvənirəm. Şanslı və gözəl qadınam. Mən heç o yazanlara cavab da vermirəm. Övladlarım da bu xasiyyətdən özümə oxşayıb. Onlar bu tərbiyyənin sahibi deyillər ki, kimisə müzakirə etsinlər, kiməsə artıq-əskik söz yazsınlar. Bunu edən insanlar sabahlarını düşünmürlər. Düşünmürlər ki, günaha girirlər, kiminsə haqqında pis danışırlar. Bu böyük günahdır” deyə müğənni bildirib.





