Kipr (yunan) Respublikasının Prezidenti Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidandan nə istəyib?backend

Kipr (yunan) Respublikasının Prezidenti Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidandan nə istəyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kipr (yunan) Respublikasının Prezidenti Nikos Xristodulides COP-29 konfransı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı Kipr nizamlanması üzrə çoxtərəfli konfransa hazırlıq üçün ölkələr arasında birbaşa dialoqa başlamağı təklif edib.

Editor.az bildirir ki, bu barədə “TaNea” qəzeti mənbələrə istinadən yazır. Diplomatik əlaqələri olmayan Ankara və Lefkoşa arasında birbaşa təmasların BMT-nin tədbirə hazırlıq səylərini dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 11-də Bakıda başlayan COP-29 çərçivəsində Nikos Xristodulides və Hakan Fidan arasında son bir ayda ikinci görüşdür. Noyabrın 7-də onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin iştirakı ilə Budapeştdə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər. Kipr Respublikası hökumətinin nümayəndəsi Konstantinos Letimbiotis ölkənin Ankara ilə birbaşa dialoqa sadiq olduğunu təsdiqləyib. Görüşdən bir müddət əvvəl BMT-nin Baş katibi Antonio Quterreş Nikos Xristodulides ilə onun müavini Rosemary DiCarlo-nun Kiprə gözlənilən səfərini müzakirə edib. Bu səfər zamanı çoxtərəfli konfransın çağırılmasından əvvəl Rum-Kipr və Türk-Kipr tərəfləri ilə məsləhətləşmələrin aparılması planlaşdırılır. Adanın təhlükəsizlik qarant dövlətlərinin (Böyük Britaniya, Yunanıstan və Türkiyə) iştirakı ilə keçiriləcək tədbir 2024-cü ilin sonuna qədər baş tuta bilər.

Antonio Quterreş oktyabrın ortalarında Nikos Xristodulides və tanınmamış Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar ilə geniş tərkibdə görüş keçirməyə razılaşıb. Kipr Rum və Türk icmalarının liderləri ilə görüşdə BMT-nin baş katibi son 50 ildə bölünmüş adanın problemlərinin həlli üçün “yol xəritəsi”ni açıqlayıb.

//Samir Qurbanov, Editor.az