“Köçəryanın Hadrut və Şuşa ilə bağlı bəyanatı təsadüfi deyil”backend

“Köçəryanın Hadrut və Şuşa ilə bağlı bəyanatı təsadüfi deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan mətbuata açıqlamasında dünyanın onları sülh müqaviləsi imzalamağa məcbur edəcəyini deyib. Həmçinin o, bu prosesin Ermənistanın istəyindən asılı olmayaraq baş tutacağını diqqətə çatdırıb. Eks-prezident razılaşmanın baş tutmayacağı təqdirdə Ermənistanın daha çox bəla ilə üzləşəcəyini də bildirib.  “Məcbur edilir, BMT-nin nizamnaməsi belədir. Azərbaycan və Türkiyə ilə danışıqlar müəyyən sazişə gətirib çıxarmalıdır, çünki iki qonşu ilə daim düşmən qalmaq olmaz. Bununla varlığımızı təhlükəyə atarıq”,-deyə Ter-Petrosyan qeyd edib.

Maraqlıdır, Ermənistan hakimiyyətinin yaxın perspektivdə Azəraycanla sülh sazişi imzalaması mümkündürmü?

Mövzu barədə Yenisabah.az-a açıqlama verən politoloq Fikrət Sadıxov Levon Ter-Petrosyanın Ermənistanda azlıq təşkil edən sağlam düşüncəli siyasətçilərdən biri olduğunu bildirib:

“Doğrudur, onun Ermənistan cəmiyyətində müəyyən dəstəyi də var, amma təəssüflə qeyd etmək lazımdır ki, səsi hələlik Ermənistanda kifayət qədər normal qəbul olunmur. Çünki revanşist, radikal qüvvələr hazırda daha üstünlük təşkil edir.  Lakin yeni hakimiyyətə gələn qüvvələr Ter-Petrosyanın dediklərini nəzərə alıb müqavilə bağlasalar, Ermənistan üçün yaxşı olar, ölkə mövcud mürəkkəb vəziyyətdən çıxa bilər. Çünki onların nə Türkiyə, nə də Azərbaycanla əlaqələri var, sərhədləri açıq deyil. Vəziyyəti normal təhlil etməyi bacaran siyasətçi təbii olaraq xalqını düşünür, dərk edir ki, müqavilə olmayacağı təqdirdə Ermənistan yenə bataqlıqda qalacaq”.

Siyasi şərhçi vurğulayıb ki, Ter-Petrosyanın bu fikirləri həqiqəti əks etdirsə də, səsi digər qüvvələr tərəfindən eşidilməyəcək:

“Hər halda hakimiyyətə gəlmək istəyənlər, xüsusilə də Robert Köçəryanın siyasi bloku belə fikirləri inkar edir. Hesab edirlər ki, hansısa bir revanş etməlidirlər, yəni Azərbaycana qarşı təcavüzkar addımlar atmalıdırlar və s. Köçəryan öz çıxışında Hadrutun və Şuşanın qaytarılması haqqında danışır. Bu təsadüfi bəyanatlar deyil, deməli, Köçəryan məsələni kiməsə eşitdirir. Ermənistanda onu dəstəkləyən hansısa dairələr bunu eşitmək istəyir”.