Komitədən “Zorge parkı”nda bina tikilməsi ilə bağlı AÇIQLAMAbackend

Komitədən “Zorge parkı”nda bina tikilməsi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Zorge parkı”nda orta mərtəbəli yaşayış binasının inşası ilə bağlı iddialara cavab verib.

Musavat.com xəbər verir ki, komitədən Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri ilə əlaqədar bildirilib ki, sözügedən ərazidə zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə 13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət qurumlarının rəyləri əsasında müvafiq icazə verilib və verilən tarixdən həmin icazədə heç bir dəyişikliklər edilməyib.

“Daxil olmuş müraciətlər əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilib. Aparılmış yoxlama zamanı təsdiq olunmuş layihədən hər hansı kənarlaşma, o cümlədən əlavə mərtəbənin inşası faktı öz təsdiqini tapmayıb.

Hazırda həmin ünvanda aparılan tikinti işləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır.

Bunlarla yanaşı qeyd edək ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur”.

Qeyd edək ki, tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev sosial media hesabında paylaşım edərək bildirib ki, “Zorge parkı”nda orta mərtəbəli yaşayış binasının inşası aparılır. Halbuki, rəsmi sənədlərdə bu ərazidə yalnız bir mərtəbəli tikiliyə icazə verildiyi göstərilib.

Memar qeyd edib ki, faktiki vəziyyət sənədlərlə ciddi ziddiyyət təşkil edir: artıq tikintinin üçüncü mərtəbəsi ucaldılıb. Bundan əvvəl isə zirzəmi və birinci mərtəbə tamamlanıb. Elçin Əliyevin diqqət çəkdiyi digər məqam isə tikinti ilə bağlı məlumat lövhələrində dəyişikliklərin aparılması ilə bağlı olub.
Onun iddiasına görə, ilkin olaraq binanın ölçüləri 33 × 19 metr kimi göstərilsə də, sonradan bu rəqəmlər 33,2 × 19,8 metrə dəyişdirilib. Eyni şəkildə, tikilinin hündürlüyü də əvvəl 5,7 metr qeyd olunduğu halda, daha sonra 6,6 metr kimi təqdim edilib.

Qeyd edək ki, sözügedən park Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin adını daşıyır. Paytaxtın Nəsimi rayonunda, Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən parkın sahəsi 2,39 hektardır və 2012-ci ildə əsaslı təmir olunub.